Bu gün müqəddəs Ramazan ayının ilk günüdür. Ramazan ayına İslam aləmində “on bir ayın sultanı da” deyilir. Bunun səbəbi bu ayda müsəlmanlar üçün iki mühüm dini hadisənin baş verməsidir. Bu hadisələrdən biri İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”in Həzrəti Peyğəmbərimizə (s.a.v.) Ramazan ayının gecələrinin (Qədr və ya Əhya) birində nazil olmağa başlamasıdır. Digər səbəb isə orucun Allah-Taala tərəfindən bütün müsəlmanlar üçün fərz buyurulmasıdır. Oruc ibadətinin Ramazan ayında fərz buyurulması səbəbindən o, “Ramazan orucu” adlandırılır. İlahi hikmətlər xəzinəsi “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Əjdərbəy məscidinin axundu hacı Valeh Nəsirov Ramazan ayı ilə bağlı sualları cavablandırıb.
Ramazan ayının fəzilətlərinin çox olduğunu söyləyən V.Nəsirov qeyd edib ki, bu, “Qurani-Kərim”in nazil olduğu, Allahın rəhmət qapılarının açıldığı, insanların hamısının iman və əməldə eyni paltar geyindiyi aydır. Yəni, insanın hidayəti üçün göndərilən “Qurani-Kərim” Ramazan ayında nazil olub. Ramazan ayının özünün fəziləti isə Əhya gecələrinə görədir. Allah-Taala “Qurani-Kərim”də “Ramazan o aydır ki, həmin ayda “Qurani Kərim” nazil olub” deyə buyurur.
Axund qeyd edib ki, Ramazan ayında oruc tuta bilməmək ya adi, ya da zərurət halında baş verə bilər. Adi halda uşağa süd verən xanımlar istisna olunur. Müəyyən xəstəliklər var ki, oruc tutmaq onu şiddətləndirir. Eyni zamanda, səfərdə olan insanlara oruc tutmaq məsləhət görülmür. Həmçinin “Qurani-Kərim”də deyildiyi kimi, taqəti olmayan qocalara da oruc tutmamağa icazə verilir. Amma bir şərtlə ki, oruc tutmadıqları hər bir gün üçün təqribən 750 qram miqdarında yeyinti məhsullarını, xüsusən çörək, un kimi qidaları fəqirlərə versinlər. Orucun əsas şərtləri isə şəxsin sağlam, vətənində olması, dəli və divanə olmamasıdır. Yəni, tam ağlı, şüuru özündə olan, həddi buluğa çatmış şəxsə oruc vacib buyurulur.
Ramazan ayında insanları daha çox çaşqınlığa salan məsələlərdən bəhs edən Əjdərbəy məscidinin axundu deyib: “Ümumən ayın əvvəlini və axırını bildirən Ramazan hilalının səmada görünməsi, onun teleskopla görünüb-görünməməsi barədə fikir ayrılıqları olur. Çünki bəzi alimlər adi gözlə ayın səmada görünməsini mötəbər bilirlər. Alimlərin çox hissəsi isə teleskopla görməni lazım hesab edirlər. İnsan astronomik hesablama ilə ayın axırının və əvvəlinin təyin olunmasına yəqinliyi varsa, orucu başlaya və ya bayram edə bilər”.
Onun sözlərinə görə, Ramazan ayında iftar süfrəsi təşkil edərkən israfçılığa maksimum dərəcədə yol verməməyə çalışmalıdır. Çünki orucluq israfçılığın əleyhinədir. Orucun özü israfçılığın qarşısını almaqdır. Belə ki, əgər ona mənəvi tərəfdən baxsaq, orucluq insanın öz mədəsini, bədənini şlaqlardan təmizləmə, yəni, nəfsi ilə mübarizə aparma ayıdır. Əgər insan orucluq süfrələrində buna riayət etməzsə, onun əməli ilə etiqadı üst-üstə düşməz. İnsanın etiqadında əsas budur ki, o, Allaha sığınır, ona tərəf gedir. Allah-Taala onun təmizlənməsini istəyir. O, az yeməlidir ki, bədən təmizlənsin, rahat olsun. Əksinə, insan özünü yükləyərsə, bu, onun etiqadı ilə əməlinin tərs mütənasib olması deməkdir.
“Koronavirus pandemiyası, məhdudiyyətlər, ümumi toplanış yerlərinə getməklə bağlı qadağalar olan dövrdə insana elə gəlirdi ki, sonralar bərpa prosesində müəyyən azalmalar müşahidə ediləcək. Lakin əksinə oldu. Ötən ilə nəzər salsaq demək olar ki, insanlar əvvəlki şövqlə iftar süfrələri təşkil edirlər, onların Ramazan ayına məhəbbətləri çoxdur. Hamı nə isə etmək istəyir. Hətta Peyğəmbərimiz (s.ə.s) də buyurur ki, kimsə bir möminə iftar verərsə, Allah-Taala hüzurunda elə bil 300 qul azad etmiş kimidir. Bir nəfər sual verir ki, əgər o insanın verməyə bir şeyi yoxdursa? Peyğəmbərimiz (s.ə.s) buyurur ki, hətta bir xurma ilə də iftar verə bilər. Həmin şəxs yenidən soruşur ki, bəs verməyə bir xurması da yoxdursa? Peyğəmbərimiz (s.ə.s) buyurur ki, bir qurtum su da versə, o da iftar hesab olunur. Yəni, iftarın çoxluğu və ya azlığı önəmli deyil. Bir qurtum su, bir xurma iftar hesab olunur və həmin şəxs o savabı qazanır”, - deyə V.Nəsirov vurğulayıb.