102-ci Rusiya hərbi bazası ilə bağlı müzakirələr zərərlidir
Bunu Ermənistandakı Rusiya hərbi bazası haqda XİN rəhbəri Sergey Lavrov TASS agentliyinə müsahibəsində deyib
Rusiya xarici işlər naziri Sergey Lavrov TASS agentliyinə müsahibəsində Moskva-İrəvan münasibətlərinə toxunub.
— Sizcə, son bir neçə ayda dialoqda yaranmış çətinlikləri nəzərə alsaq, Moskva ilə İrəvan arasında münasibətlər gələcəkdə necə inkişaf edə bilər? Rusiya hərbi bazalarının Ermənistanda davamlı olmasının mümkünlüyünü və respublika ilə NATO arasında əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?
— Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. O, Moskva ilə zamanın sınağından çıxmış ittifaqı hətta Qərbin konkret köməyi ilə deyil, yalnız qeyri-müəyyən vədlərlə dəyişir. Strateji dönüş kursuna haqq qazandırmaq üçün respublikanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanın üzərinə yıxmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın narahatlığını açıq şəkildə demişik, indi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur.
Ermənistan Cənubi Qafqazda bizim üçün strateji tərəfdaş olub və belə də qalır. Əminik ki, bütün çətinliklər müvəqqətidir və siyasi iradə olarsa, aradan qaldırılacaqdır. Məhz Rusiya-Ermənistan əlaqələrinin davamlı və sistemli inkişafı iki dövlətimizin ortaq dəyərləri və vahid mədəni kodu olan xalqların əsas maraqlarına cavab verir.
Ticarət-iqtisadi əlaqələr və sənaye dialoqu Moskva ilə İrəvan arasında böyük templə inkişaf edir. Bu, iki ölkə arasında münasibətlərin bünövrəsidir, həm də Ermənistan iqtisadiyyatının davamlılığı və Ermənistan əhalisinin rifahı üçün ən mühüm yardımdır. Son illər respublikanın ÜDM-nin sürətli artımı daha çox Rusiya ilə əməkdaşlıq və İrəvanın Avrasiya İqtisadi İttifaqına üzv olması ilə bağlıdır. Dekabrın 14-15-də İrəvanda baş nazir müavinlərinin həmsədrliyi ilə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası keçirilib. Gələn il Ermənistan Aİİ-yə sədrlik edəcək. Həmkarlarımıza uğurlar arzulayırıq.
Ermənistan hazırda bir sıra problemlərlə üz-üzədir. Özüdə, Qərb oyunçularının köməyi ilə onları həll etmək mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq respublikaya və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamam başqadır - Moskvanı və digər regional gücləri sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaqdır. Çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - İrəvan, Bakı və Moskvanın üçtərəfli razılaşmalarını ən yüksək səviyyədə həyata keçirmək.
Biz Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının mövcudluğunun məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Bazanın orada yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da ilk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyi möhkəmləndirmək məqsədinə əsaslanaraq bağlanıb. Bu gün ordumuz bu regionda sülhün təmin edilməsində əsas elementdir.
Son vaxtlar İrəvan NATO və onun ayrı-ayrı üzv ölkələri ilə əməkdaşlığı inkişaf etdirir. Bu il Ermənistan alyansla bir neçə onlarla tədbirdə iştirak edib. O, silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir, respublikanın hərbiçiləri Şimali Atlantika blokunun bir sıra dövlətlərində təlim keçir.
Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək və “parçala, hökm sür” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır. Ümid edirəm ki, İrəvan alyansla qarşılıqlı əlaqələrin dərinləşməsinin milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə səbəb olduğunu bilir.