MÜSAHİBƏ

Pezeşkianın İranın daxili və xarici siyasətinə baxışı

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian proqram xarakterli müsahibə verib

Pezeşkianın İranın daxili və xarici siyasətinə baxışı
  • Oxuma müddəti:

    2 dəqiqə

  •  İranın yeni prezidenti: “Konstruktiv dialoq və regional əməkdaşlığın möhkəmləndirilməsi vacibdir"

    “Fararu” saytı xəbər verir ki, İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian "Əl-Ərəbi əl-Cədid" trans-regional qəzetinə müsahibəsində deyib:

    "İndi ki, xalqın səsi ilə İran İslam Respublikasının prezidentliyinin məsuliyyətini öz üzərimə götürmüşəm, yolun başlanğıcında qardaş-bacılarımla və regiondakı qonşularla danışmaq istərdim ki, biz region xalqları və dövlətləri arasında konstruktiv dialoq, əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsi yolunda birlikdə addım ataq. 

    Nə qədər ki, biz bölgədə birliyə nail olub, parlaq gələcək üçün, Allahın verdiyi nemətlərdən və müstəsna geosiyasi mövqedən düzgün istifadə etmək üçün əməkdaşlıq etməyib regionun ümumi yüksəlişi və inkişafı üçün zəmin yaratmayana qədər, region ölkələrinin inkişafı üçün ayrı-ayrı planlar ciddi uğur qazanmayacaq.

    Terrorizm və ekstremizm bizim ümumi dərdimizdir və onu kökündən müalicə etmək əməkdaşlıq tələb edir. Region ölkələri arasında hərbi qarşıdurmaya haqq-ədalət və xalqların qanuni hüquqları prinsipi əsasında son qoyulmalı, daxili böhranlar dinc yolla həllini tapmalıdır.

    Region xalqları iqtisadi inkişafa və sosial rifaha layiqdirlər və dövlətlər tərəqqi üçün bir-birinə kömək etməlidir. İran qonşu ölkələrdə iqtisadi inkişaf planları, mülki infrastruktur və nəqliyyat dəhlizlərinin inkişafında iştirak etməyə və bunun müqabilində qonşu ölkələri Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində öz coğrafiyasına cəlb etməyə hazırdır.

    İran İslam Respublikası qonşularının gücünü öz gücü sayır və hesab edir ki, qonşuların güclənməsi bir-birinin hesabına olmamalıdır. 

    İranın xarici siyasətinin əsas prioriteti qonşuları ilə əməkdaşlığı genişləndirməkdir və yeni hökumət region ölkələrinin fəal və qarşılıqlı əməkdaşlığı, ikitərəfli əməkdaşlıq şəraitində qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsində mövcud hökumətin yanaşmasını qoruyub saxlamağa və təkmilləşdirməyə, onlarla milli suverenliyə qarşılıqlı hörmət əsasında münasibətlər qurmaq və bir-birinin ərazi bütövlüyünü təşviq etməyə çalışacaq”.