MÜSAHİBƏ

Qurban Qurbanov: Cavab oyununda daha məsuliyyətli olmalıyıq

Dünən gecə "Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəlib

Qurban Qurbanov: Cavab oyununda daha məsuliyyətli olmalıyıq
Qurban Qurbanov
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Ciddi və sürətli komandaya qarşı oynadıq. Qələbə qazansaq da, bu, hələ ilk hissə idi. Belə turnirlərdə istənilən nəticələr qeydə alına bilər. Cavab matçında daha məsuliyyətli olmalıyıq.

    Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

    Heç vaxt proqnozlara fikir vermədiyini bildirən 52 yaşlı mütəxəssis əlavə edib: “Matçdan öncə "Braqa"nı favorit görənlərin fikirlərini normal qarşılayıram. Amma bizim də avrokubok təcrübəmiz var. Düzdür, özümüzə inansaq da, 4 qol vuracağımızı gözləmirdik. Amma bu gün hər şey bizim üçün yaxşı alındı. Mərhələnin taleyinin həll olunduğunu düşünmürəm. Şanslar hələ də bərabərdir. Daha soyuqqanlı olmalı, cavab görüşünə ciddi yanaşmalıyıq. Çünki qarşımızda "Braqa" kimi komanda var. Bakıda daha diqqətli olmağa və səhvsiz oynamağa çalışacağıq”.

    O, yaxın günlərdə müdafiə xəttinə transfer gözlənilmədiyini söyləyib: "Pəncərə artıq bağlanıb. Son anlarda qol buraxmağı istəməzdik. Məşqlərdə bunun üzərində işləyirik. Hər iki qol standart vəziyyətdən vuruldu. Qapımızda top görürüksə, daha diqqətli oynamalıyıq".

    Q.Qurbanov son dəqiqələrdə qol fürsətini boşa verən Nəriman Axundzadənin matçdan sonra ağlamasına da münasibət bildirib: "Nərimanla ayrılıqda danışmadım. Onu, ümumiyyətlə, paltardəyişmə otağında görmədim. Yəqin, gizlənirdi (gülür). Normal haldır. Qol vura bilmədiyinə görə ağlayırsa, deməli, vəziyyəti dərk edir. Amma bəlkə də fərqlənsəydi, futbolçu kimi daha gec böyüyəcəkdi. Bu cür hallar futbolçunun inkişafına müsbət təsir göstərir. Perspektivli oyunçudur. Bu barədə onunla mütləq söhbətimiz olacaq".

    Təcrübəli mütəxəssis bütün rəqiblərə hörmətlə yanaşdıqlarını vurğulayıb: "Kimsə bizdən üstündürsə, bunu qəbul edirik. Amma bu, o demək deyil ki, biz bacarıqsızıq. Özümüzə inanırıq. Bu gün futbolçular çox əziyyət çəkdilər. Tutduğumuz yolla gedirik. Getdikcə qarşımıza daha güclü komandalar çıxır. Qalibiyyətin digər tərəfi də var. Bu cür qələbələr futbolçulara inam verir ki, çox çalışsalar, uğur qazana bilərlər".

    Baş məşqçi komandasının cavab oyunu öncəsi eyforiyaya qapılmasını istəmədiyini əlavə edib: "Qarşımızda ciddi rəqib var. Çalışacağam ki, kənar fikirlər futbolçularıma təsir etməsin. Təbii ki, azarkeşlər, mətbuat bizdən daha böyük uğurlar gözləyir. Bu da normal haldır. Odur ki, cavab görüşünə psixoloji baxımdan daha ciddi hazırlaşmalı olacağıq".

    O, klubları büdcəsinə görə analiz etməyi xoşlamadığını diqqətə çatdırıb: "Futbol elə bir səviyyəyə gəlib çatıb ki, istənilən nəticələr qeydə alına bilər. Mən öz işimə daha çox sevgi ilə yanaşıram. Futbolçularıma da bunu tövsiyə etmişəm. Düzdür, yaxşı maliyyə ilə daha davamiyyətli iş görmək, daha da böyümək olar. Amma bugünkü durum bizi qane edirsə, gözümüz daha böyük pullarda deyilsə, nəticələrimiz mütləq olacaq".

    Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Bakıda keçiriləcək.