Gərgin, təhlükəli, bir az da çarəsiz...
ANS Press Türkiyədə yaşayan və işləyən, hal-hazırda Hatayda ezamiyyətdə olan Fidan Quliyeva ilə müsahibə edib
Türkiyədə yaşayan və işləyən Fidan Quliyeva hal-hazırda Hatayda ezamiyyətdədir. Bu fürsətdən istifadə edib Fidan Quliyevadan bəzi məlumatları soruşduq.
Xatırladaq ki, Hatay da daxil olmaqla, Türkiyənin 10 şəhərində fevralın 6-da baş verən güclü zəlzələ nəticəsində 36 minə yaxın insan həlak olub, 100 mindən çox yaralı var.
- Siz indi Hataydasınız. Ümumi vəziyyəti necə təsvir edərdiniz?
- Hatayda vəziyyət çox gərgin və təhülkəlidir, insanlar çox çarəsizdir... Adamların hamısı küçədədir. Əsasən də çadır şəhərciklərində insanlar çadırlara girmək istəmirlər. Narazılıqları üzlərindən bilinir. Adamlar şox narahatdırlar, evləri üçün narahatdırlar. Hələ də daşlar altında qalan insanlar var. Qohumlarını itirən insanlar var. Məlumat almaq istəyirlər.
- Koordinasiya bölmələri fəaliyyət göstərir?
- Xeyr... Koordinasiya problemi var. İnsanlar bir-birindən xəbər tuta bilmirlər. Məsələn, bir Hatay sakini ilə söhbət edirəm, dünən dağıntılar altından çıxan anasına yas tuta bilmir, evi dağılıb, övladından xəbər yoxdur. İnsanlar elə çarəsizdirlər ki... Dövlətdən, təşkilatlardan, dərnəklərdən kömək gözləyirlər. Hər yerdə isti yeməklər paylayırlar. Tibbi bölmələr var, dərmanlarını alırlar.
- Şəhərdə əhali var?
- Şəhər boşaldılıb. İnsanları daha çox təşhükəsiz yerlərə aparırlar ki, orada qalsınlar. Çadır şəhərcikləri qurulub. Prefabrik evlər düzəldilib. Amma insanların çox hissəsi evlərinə doğru gəlirlər və saatlarla evlərinin yanında vaxt keçirirlər, çünki orada ərəblərin və suriyalıların çoxluq təşkil etdiyi quldurlar və oğrular var. Onlar evlərə girir və əşyaları oğurlayırlar. Ona görə insanlar məcburdurlar ki, evlərinin önündə oturub ocaq qalasınlar və gözləsinlər. Ümumiyyətlə, Samandağda olduğumuz bölgədə insanların mərkəz tərəfə getmələrinə icazə vermirlər. Samandağ turistik bölgə sayıılırdı. Binalar o dərəcədə aşıblar ki, həm də ard-arda, gəzəsi yer yoxdur. Məsələn, maşınla gedəndə daşlar maşının üstünə tökülür - o dərəcədə təhlükəlidir. Hatayın çox hissəsində sakinlər evlərə yaxın buraxılmadıqlarına görə nələrin baş verdiyinidən xəbərləri yoxdur. Bir az xaos var.
- Son məlumata görə, ölü sayı 36 minə çatır. 100 mindən çox yaralı var. Rəqəm arta bilər?
- Deyirlər ki, təxminən 100 min insan daşların altındadır, tapılmayıb.