Sərhədlərimizin qapalı qalması bizim üçün böyük riskdir
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev ANS Press-ə müsahibəsində belə deyib
Erməni mənbələri Türkiyə ilə sərhədin açılmasını müsbət qiymtləndiriblər. Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib ki, quru sərhədinin açılması iqtisadiyyatın böyüməsinə səbəb olacaq. "Bunun üçün imkanları Türkiyə bazarının özü təmin edir və Türkiyədən keçməklə Yaxın Şərq ölkələrinə tranzit mümkündür", - deyə Kerobyan əlavə edib.
Azərbaycanda nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev ANS Press-ə qısa müsahibəsində bunu şərh edib.
- Türkiyə-Ermənistan sərhədlərinin açılmasından təkcə Ermənistan udacaq, yoxsa?
- Türkiyə-Ermənistan əlaqələrinin normallaşması bizim xeyrimizədir. Sərhədlərimiz nə qədər qapalı qalırsa, bizim üçün bunun riskləri daha böyükdür. Biz istəyərdik ki, çox tezliklə Ermənistanın bizimlə də bütün yolları açılsın. Zəngəzurdan başlamış, ta Qazaxa kimi, nə qədər kommunikasiya varsa, yolumuz, dəmir yolumuz - hamısı bərpa olunsun. Bu, bölgənin canlanmasına təsir edəcək. Gürcüstan bu qədər yükü çəkə bilməyəcək. Adi bir misal gətirim, pandemiya dönəmində Türkmənistan İranla sərhədlərini tam bağladı. İl ərzində oradan 40 min yük avtomobii keçirdi. Bu nə ilə nəticələndi? Türkiyə-Gürcüstan sərhədindəki uzun-uzadı tıxaclar əmələ gəldi. Çünki Gürcüstanın bir nəqliyyat sistemi var, onun da buraxış qabiliyyəti var. Onun buraxılış qabiliyyəti bu qədər yük üçün nəzərdə tutulmamışdı.
- Yəni sərhədlərin açılmasında maraqlıyıq.
- Əlbəttə. Biz maraqlıyıq ki, bütün sərhədlər açılsın, Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan və s. Biz bölgədən keçən yükün daha çox hissəsini Qafqaz üzərinə yönləndirməliyik. Yönləndirmək üçün də əlavə yollar olmalıdır. Nəzərə alaq ki, şimalımız və cənubumuz sanksiya altındadır. Deməli, bizim önəmimiz daha da artır.