MÜSAHİBƏ

İnsulin dərdi - həlli bəlli?!

Vahid Mustafa yevin araşdırmalarının maraqlı nəticələri

İnsulin dərdi - həlli bəlli?!
  • Oxuma müddəti:

    12 dəqiqə

  • Bu gün Azərbaycanda şəkər xəstələrinin sayı 400 min adamı keçərək 500 minlik dirəyə dirənməkdədir desəm, bir çoxlarını məyus edərəm. Amma mənim məqsədim kimisə məyus deyil, əksinə, daha ciddi və yüksək enerji ilə bu bəlanın qarşısını almaq və artıq insulin asıllığı olan vətəndaşlarımızın, imkanından asılı olmayaraq, qalan həyatlarını xoşbəxt yaşamaq üçün təminatlı və keyfiyyətli etməkdir!

    Unutmayaq ki, Azərbaycanın, bütün dünyada olduğu kimi, əsas fundamental dəyəri onun vətəndaşlarıdır. Məhz sağlam vətəndaş cəmiyyəti inkişaf etdirir, ailələr yaradaraq onun sayını artırır, elmi tərəqqiyə təkan verir və torpaqları azad edəndən sonra orada yaşayır və oranı abadlaşdırır. Öz xəstələrinə yüksək qayğı və diqqətlə yanaşan millət özünün irsi, mədəni dəyərlərini büruzə verərək ali insanlar klubuna əbədi daxil olur.  

    Adı nə qədər şirin olsa belə, şəkər xəstəliyi vətəndaşlarımızın həyatını bir o qədər acı etməyə qadirdir. Nəzərə alsaq ki, 2014-cü ildə şəkər xəstələrinin sayı cəmi 200 min civarında idi – nəticə etibarı ilə məruzə etmək vaxtıdır ki, vətəndaşlarımızın şəkər dərdi son 10 ildə 100%-dan çox artaraq, yəni 400 minlik sərhədi aşaraq gözlənilməyən bütün rekordları vurub. Belə getsə, 2034 və ya 2044-cü ilin proqnozları cəmi 10 milyonluq millətin sağlamlıq strukturunu ciddi şəkildə dəyişə bilər və xərcəng kimi digər inkişafda olan xəstəliklərlə birlikdə Azərbaycanın cansağlığı palitrasından əlvan rəngləri bozardaraq cəmiyyəti qəriban bir matəmə sala bilər. 

    Lakin digər sarsıldıcı xəstəliklərdən fərqli olaraq, şəkər xəstələri dövlət tərəfindən himayə olunarsa, adi şəkildə həyatlarına davam edərək Vətənə qulluq etməkdə davam edib, Azərbaycanın sağlam qüvvələri sırasında olmaq şansları daha da çoxalar! Bunun üçün həmişə yuxarıda adı çəkilən dövlət, sadəcə, onun canı və vacib yaşadan hissəsi olan vətəndaşlarını himayə etməli, onları vacib, keyfiyyətli tibbi ləvazimatlarla təmin etməlidir. Şəkər xəstələrini keyfiyyətli insulinlə pulsuz təmin etməlidir! Torpaqlarını tam zəfərlə azad edən ölkənin bu dəqiqə ən əsas və vacib prioriteti məhz qalan vətəndaşları barədə düşünmək, onların bundan sonrakı həyatlarını rahat və xoşbəxt etməkdir. İnanın ki, sivil cəmiyyətin başqa bir vəzifəsi yoxdur və olmamalıdır! Bundan əvvəl milli ideologiyamız “Döyüş alnınıza yazılıb 2/216”idisə, Vətəndaşlarımız torpaqlarımızı azad edəndən sonra (əlisilahlı və əliyalın) milli ideya “Hər şey vətəndaş üçün” olmalıdır məncə!

    Son 10 il ərzində vətəndaşların dövlət tərəfindən insulinlə təminatı, ara-sıra baş verən problemləri nəzərə almasaq, insulin istehsalçılarının bir neçə dəfə dəyişdirilməsinə göz yumsaq, kafi kimi qələmə vermək mümkündür. Lakin deyilənlərə görə, artıq Bakının Pirallahı qəsəbəsində yeni tikilən fabrikdə yerli insulin istehsalı başlayandan sonra vəziyyət köklü şəkildə dəyişəcək. Azərbaycan adətinə layiq olaraq, yenə də bu barədə hamı danışır, lakin heç kim heç nə bilmir. Bu dəhlizi işıqlandırmaq məqsədi ilə mən bu işdə Azərbaycanın "R-Farm" şirkətinin rusiyalı tərəfdaşı "Gerofarm" şirkətinin ixracat xidmətinin rəhbəri cənab Aleksandr Nesterenko ilə söhbət etdim və bu söhbəti sizin diqqətinizə çatdırmağı və şaiyələrə son qoymağı özümə borc bilirəm.

    Aleksandr Aleksandroviç Nesterenko


    -  Aleksandr, istehsal təxminən nə vaxt başlayacaq?

    - Tanrının köməyi ilə 2024-cü ilin axırında. Tikinti davam etməkdədir, transfer texnologiyaları, bəzi qeydiyyat prosessləri tamamlanmalı və qanuni icazələr alınmaldır.

    - Yəni ilin sonunadək inşa olunmuş fabrikdə insulin istehsal edəcəksiniz?

    - Xeyr, Azərbaycanda istehsal olmayacaq, sadəcə olaraq qablaşdırmanın dəyişdirilməsi baş verəcək. Amma elə düşünməyin ki, bu sadə prosesdir... Bu bir sıra ciddi məqamlardan ibarətdir: nəzarətin analitik üsulları, farmokoloji keyfiyyət sistemi və s. Bu öz növbəsində kifayət qədər çətin və nizamlanma tələb edən prosesdir.

    Konsepsiya belədir ki, yarımmaddəni biz Rusiya Federasiyasında şəxsi substansiyamızda istehsal edirik. Yarımmaddə dedikdə, biz lazımi konsentrasiya və lazımi dozada əvvəlcədən hazırlanmış şpris-qələmə doldurulmuş insulini nəzərdə tuturuq. 

    - Deməli, insulin Rusiyada istehsal olunub və Azərbaycana, sadəcə, qablaşdırmanı dəyişmək üçün gələcək?

    -Bəli, yarımmaddə xüsusi bir kartricdir ki, şpris-qələm şəklində Azərbaycan Respublikasına gətiriləcək. Substansiyanın istehsal meydançası Sankt-Peterburq, qablaşdırma məkanı isə Moskva şəhəridir. Bakıda isə artıq bu hazır məhsulu sadəcə yenidən qablaşdırır və analitik üsulların transferi ilə bu prosesə nəzarət sistemlərini təşkil edəcəyik. Bizim şirkət artıq üç ildir Azərbaycana insulin təchizatı ilə məşğuldur, lakin öz qablaşdırmamızla. Artıq bu ilin sonunda isə yerli, azərbaycanlı partnyorumuz "R-farm" vasitəsi ilə sizin ölkədə, Bakının Pirallahı qəsəbəsində inşa edirlən yeni fabrikdə bizim insulin şpris-qələmlərimizi yenidən qablaşdıracağıq.

    - Deyilənlərə görə, sizin insulin xaricdə istehsal olunandan, incə desək, daha zəifdir. Məsələn, deyirlər ki, xarici insulinin 1 dozası sizin insulinin iki dozasına bərabərdir və ya xaricdə istehsal olunanların təsiretmə müddəti və keyfiyyəti sizinkindən daha çox və yaxşıdır...

    - Bir qayda olaraq, bu, əsasən xəstələrdə mövcud olan plasebo effekti ilə əlaqədardır. Bəzi insanlar stereotip olaraq xaricdən gətirilən dərmanların yaxşı, özlərininkinin isə pis olduğunu düşünür. 

    İndi Rusiyada bizim şirkətin 25% bazar payı var, amma əvvəllər biz də problemlərlə rastlaşırdıq. 2019-cu ildən biz Rusiya bazarına insulininin analoqunu təqdim etdik və mövcud Amerika, Fransa və Danimarka insulinlərindən sonra Rusiya Federasiyasının milyonlarla xəstəsinin böyük müqaviməti və bəzən də inamsızlığı ilə üzləşdik. 


    Əslində, dünyanın istənilən ölkəsində hər hansı bir məhsulun bu cür mərhələdən və müqavimətdən keçməsi mütləqdir. Fakt faktlığında qalır – Rusiya olaraq biz bunun öhdəsindən gəldik. Hələ məhsulumuz bazara çıxmamışdan “Sizin insulininizdən biz özümüzü pis hiss edirik” kimi ittihamlar səslənirdi. Amma biz hər şeyi başa düşürük və bunun qarşısını almaq üçün ilk növbədə istehsalımızı tam şəffaf vəziyyətə gətirdik, mütəxəssislərimiz jurnalistlər üçün mətbuat konfransları keçirirdi, daim xəstələrə məhsulumuz barədə məlumatlar verirdik. 

    Burada da, düşünürəm, oxşar vəziyyət yaranır. Türkiyədən qaçaqmalçılıqla, "qara yol"la gətirilən insulinlərin Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda məşhurluğuna səbəb onun tərkibi və ya keyfiyyəti deyil – səbəb onun qiymətinin daha sərfəli olmasıdır. Amma unutmayaq ki, Türkiyə dövlətinin bu dərmanların dəyərini qismən ödəməklə vətəndaşları üçün daha əlçatan etməsi milli siyasətidir.

    Digər tərəfdən, bir sıra dərmanlar ümumiyyətlə Türkiyə dövləti tərəfindən tamamilə pulsuz verilir, lakin onlar hansısa yolla "qara bazar"a düşərək apteklərdə ucuz qiymətlərlə peyda olur.

    Mən Özbəkistanda olanda həmkarlarımdan eşitdim ki, tanışları insulini 20 dollara alıb. Bu necə ola bilər? Rusiyada bizim istehsal etdiyimiz insulinin, nisbi desək, qiyməti 40 dollar civarındadır. 20 ABŞ dollarna insulin dünyada yoxdur! Bu ola bilməz! Məndə belə bir suallar yaranır: bu insulin hansı yolla əldə edilib və hansı yolla Özbəkistana gətirilib? Sözsüz ki, bu məhsul 100% risk daşıyıcısı olaraq sıradan çıxmış da ola bilər. Bu insulini alan xəstə də bütün bu riskləri öz üzərinə götürməklə öz səhhətini təhlükə altına salır. 

    - Pirallahı qəsəbəsində inşa olunan fabrikdə yalnız insulin qablaşdıracaqsınız? Şəkər xəstələri üçün digər dərmanlar haqda planlarınız varmı? 

    - İnsulinasılıları - və ya yalnız insulin, ya da insulin üstəgəl şəkəri azaldan oral dərmanlar və digər inyeksiya edilə bilən preparatlardan istifadı edirlər. Bizim şirkət 15-ə yaxın, o cümlədən şəkərli diabet sahəsində perspektivli molekul hazırlayır. Yeni ilin sonunadək biz Rusiyada həb preparatlarının istehsalına da başlamaq qərarına gəlmişik. O ki qaldı insulinə, biz ultra uzuntəsirli insulin, ultra qısatəsirli analoq insulin və qarışıq analoq insulindən danışırıq və bunlar müasir dövrdə şəkərli diabetin müalicəsi üçün nəzərdə tutulan ən müasir terapiya hesab olunur. 

    - Ən azı, yenidən qablaşdırma üçün Bakıda fabrik inşa edilirsə, düşünürəm Azərbaycan şəkər xəstələri üçün insulinin qiyməti də aşağı düşəcək?

    - İlk növbədə deməliyəm ki, məhsulumuzun dəyərini Azərbaycan Respublikasının büdcəsi ödəyir və buna görə yerli xəstələrə pulsuz proqram əsasında paylaşdırır. Lakin bizim insulin bu gün apteklərdə də satılır. Qiymətə qəldikdə - məsələn, Danimarka istehsalı olan bir qablaşdırmanın qiyməti bu gün Bakıda 80 AZN təşkil edir. Biz həmin Rusiya istehsalı olan molekulu 55 AZN dəyərində reallaşdırırıq. Düşünürəm ki, Bakıda yenidən qablaşdırma edərək bizim məhsulun qiymətinin daha aşağı olacağı gözlənilir. 

    - Bəs istifadəçı? O neçəyə alacaq? Apteklərdə olan qiymətləri nəzərdə tuturam.

    - Düşünürəm,qiymətə 20% əlavə olunacaq – bu da gömrük və digər vergilər hesabına baş verəcək. Bizim topdansatış qiymətləri ilə aptekdə olan pərakəndə qiymətlər arasında fərq məhz vergilərdən ibarət olacaq. 

    Fürsətdən istifadə edərək, sizdən xahiş edirəm ki, dövlət və İqtisadiyyat Nazirliyi nöqteyi-nəzərindən layihəyə dəstək olmalarına nail olasınız.

    Əgər bu günki Azərbaycan qanununa əməl etsək, o zaman qiyməti aşağı salmaq üçün əlimizdə çox az imkan qalacaq. Vergilər qiyməti ciddi şəkildə qaldırır və son istifadəçi, sözsüz ki, bunu hiss edəcək.  Amma strateji məhsul olaraq bizim bu yarımmaddınin idxalında hansısa güzəştli tarif olsa, o zaman qiymətlər də sərfəli olacaq. Qiymət əmələ gəlməsində istehsalçı üçün bir çox amillər var – istehsalat xərci anlayışı, şirkətin gəlirlilik dərəcəsi, xüsusi nəqliyyat və vergilər, sözsüz ki, qiymətə təsir göstərir. Burada mütləq şəkildə, bütün dünyada olduğu kimi dövlət dəstəyi olmalıdır!