Dedilər ki, ANS-in 50 faizini verin bizə, dedim YOX!
BBC-yə müsahibəm
Ümumiyyətlə düşünürdüm ki, jurnalist müsahibə verməməlidir, amma son vaxtlar mövcud respondentlərin, yəni keyfiyyət və peşəkarcasına bu və ya digər məsələ barədə hərtərəfli məlumat verə bilən adamların sayı yox olmaq səviyyəsinə çatdığı və eyni zamanda səviyyəsiz və məntiqsiz müsahiblərin sayı artan bir dövrdə, məncə, elə peşəkar jurnalistlər danışsa, insanlar ehtiyac duyduğu informasiyanı ala bilər. Söhbət kiminsə qəfəsində çəh-çəh edənlərdən deyil, dünya görmüş, savadlı və bütün ömrü boyu jurnalistikanın əsas prinsipləri olan Dəqiq, Qərəzsiz və Vicdanlılardan gedir. Belələri dünyada hələ var! Azdır, amma var! Mən şəxsən, o barmaqla sayıla bilən və o barmaqlıqların əks tərəfində azad uçuşda olanları dinləyirəm, hadisə ilə bağlı lazımi məlumatı əldə edir və sonda öz mövqeyimi formalaşdırıram.
Digər tərəfdən, Jurnalistika və Sənədli Film Rejissoru peşələri üzrə məzunu olduğum və sonralar BBC-nin Qafqaz və Orta Asiya xidmətinin yaradılmasında birbaşa iştirak edən və hətta BBC ilə müştərək Azərbaycanda 24 saat 103FM dalğasında Xəbər radiosu yaradan adam kimi əziz və doğma redaksiyama imtina edə bilməzdim. Belə ki, İzolda xanım mənə müsahibə barəsində müraciət edəndə mən Bakıda deyildim, VMF Saat Fabrikinin 2024-cü il kolleksiyasını Beynəlxalq Saat Sərgisində nümayiş etdirirdim, buna baxmayaraq şinelinin iyini və istiliyini hər bir zaman hiss etdiyim BBC kanalına razılıq verdim və Vətənə döndükdə bu müsahibə baş tutdu.
Maraqlı fakt odur ki, vaxtı ilə tələbəsi olduğum BBC-nin bugünkü əməkdaşı mənim tələbəm çıxdı. ANS Jurnalist Akademiyasının məzunu, peşəkar jurnalist İlkin indi BBC-də çalışır. Hər peşədə olduğu kimi jurnalistikada da davamlılıq və nəsillərin ardıcıllıq prinsipi ilə dəyişilməsini təqdirə layiq hesab edirəm!
Müsahibə sonrakı danışıqlarımızdan elə çıxdı ki, elə müsahibə zamanı tanış olduğum İzolda xanım da ANS məzunu olmasa da uşaqlıqdan ANS jurnalistikasının pərəstişkarı olub və onun jurnalistikaya gəlməyində ANS-in əvəzsiz rolu olub. İzolda xanımın muncuq kimi biri birinin ardı ilə yığdığı sualları məni o çətin, ANS-in təkbaşına Azərbaycanın ideologiyasını formalaşdıran və torpaqlarımızın geri alınması yolunda malı ilə, canı və qanı ilə çalışdışdığı dövrə səyahət etməyə məcbur etdi. Bu yolun gidi olmaq asan iş deyildi və bunun qiymətini tamaşaçılar verəcək, in şa Allah. Şəxsən mən düşünürəm ki, müsahibə bir fincan su kimi içilərək çoxlarını maraqlandıran mövzuya aydınlıq gətirdi.
Sizi korrespondent və respondentlə baş-başa buraxıram.