Juninyonun dönər yeməyində böyük qəbahət yoxdur
“Qarabağ” klubunun diyetoloqu İlqar Şamilovun müsahibəsindən
- Futbolçuların qida rasionuna əsasən hansı yeməklər daxildir?
- Təbii ki, futbolçularda qidalanma rejimi hər birində individual olaraq təyin olunur. Bu, futbolçunun yaşı, boyu, eyni zamanda mövqeyi və gün ərzində məşqlərdə sərf etdiyi enerjidən asılı olaraq dəyişir. Menyuya bir neçə qida daxildir ki, istər oyundan və məşqdən əvvəl, istər sonra qida rasionuna uyğundur. Məsələn, düyü, spagetti, bulqur, qarabaşaq, ət məhsullarından isə yağsız qırmızı ət, toyuq əti və balıqdan istifadə edilir. Amma burada da müxtəliflik mütləq olur. Məşqlərdən və gündən asılı olaraq, futbolçulara salat, çay süfrələrində müxtəlif şəkərsiz, yaxud az şəkərli quru meyvələr və şirniyyatlar verilir.
- Səfər oyunları zamanı oyunçuların qidalanması hansı formada həyata keçirilir?
- Biz klub olaraq ölkə xaricinə gedəndə menyunu qabaqcadan yazıb göndəririk. Qalacağımız mehmanxananın baş aşpazı ilə onlayn əlaqə saxlayaraq öz menyumuzu ona təqdim edirik. Bütün ət yeməklərimizin halal kəsimlə olması mütləqdir.
- Qidalanma zamanı futbolçunun legioner və ya yerli olması nəzərə alınırmı? Çünki, məsələn, İslamda istifadəsi uyğun hesab olunmayan bəzi qidaları əcnəbi futbolçular qəbul edirlər. Bu, necə tənzimlənir?
- Oyunçunun legioner olub-olmamasının fərqi yoxdur. Lakin müəyyən günlərimiz olur ki, legioner futbolçuların qida rasionuna Avropa mətbəxinə, eyni zamanda onların yaşadığı ölkəyə uyğun yeməkləri fərqlilik olsun deyə əlavə edirik.
- Hazırda Ramazan ayıdır. Aydın məsələdir ki, futbolçuların çoxu oruc tutur. Bu zaman onların qidalanmasına necə nəzarət edilir?
- Ramazan ayı oyunçular üçün çox çətin bir perioddur. Çünki uzun müddət bədənləri susuz qalır, həmçinin qida qəbul etmirlər. Qida qəbulu saatlarında biz mərhələli formada onları qida, əlavə idman qidaları və vitaminlərlə təmin edirik ki, əzələ kütlələrini itirməsinlər və daim formada qalsınlar. Bunun üçün də hər idmançı ilə individual qaydada işləyirik. Ramazan ayından əvvəl müəyyən qan analizləri tələb edirik. Analizin nəticəsinə uyğun olaraq, bütün vitamin və mineralları hər futbolçuya verə bilirik.
- Bu yaxınlarda sosial şəbəkələrdə Juninyonun dönər alarkən videosu yayılmışdı. Maraqlıdır, buna görə futbolçuya hər hansı xəbərdarlıq edildimi?
- Bu video böyük ajiotaj doğurdu. Lakin məsələyə iki fərqli baxış bucağından nəzər sala bilərik. Birincisi, o da bizim kimi insandır. O, dönəri təbii ki, istirahət zamanı yeyib. Hər bir futbolçu, hər bir insan istirahət zamanında kənaraçıxmalar edərək öz metabolizmlərini sürətləndirə bilər. Qeyd etdiyimiz dönər məhsulunun qoyulduğu lavaş karbohidratdır. Tərkibindəki ət zülal, ora əlavə olunmuş tərəvəzlər isə vitamin və mineraldır. Belə baxdığımız zaman burada böyük bir qəbahət yoxdur. Digər tərəfdən isə peşəkar futbolçu öz sağlamlığı və bədəninin formasını qorumaq üçün qidasına fikir verməlidir, hətta buna məcburdur. Biz həmişə futbolçuların bədən kompozisiyalarını və çəkilərini yoxlayırıq, nəticəni baş məşqçiyə təqdim edirik. Juninyo seçilən futbolçulardandır. Çünki onun fiziki göstəriciləri stabil olaraq qalır və ya artmağa doğru gedir.
- Ümumiyyətlə, futbolçuların fastfuddan istifadəsi nə dərəcədə düzgündür?
- Təbii ki, biz Avropanın bir neçə top – 5 liqasında çalışan diyetoloqlarla daimi ünsiyyətdəyik. Hər zaman səfərlərə gedəndə onların menyuları ilə tanış oluram. Dünyaşöhrətli ulduz oyunçu Messi belə, adətən matçlardan əvvəl və ya sonra pizza yeməyi xoşlayır. Biz bunun zərərli olduğunu deyə bilmərik. Çünki pizza xəmirdən ibarətdir. Xəmir isə karbohidratdır. Təbii ki, nazik olmalıdır. Üzərindəki ət məhsulları və tərəvəzlərin hər biri sağlam qida sayılır. Sadəcə, pizzanın üzərindəki yarımfabrikatları ziyanlı hesab etdiyimiz üçün futbolçulara çox da tövsiyə etmirik. Eyni zamanda, evsayağı burger yeyirlərsə, tərkibində kənardan müdaxilə olunmuş kimyəvi məhsullar yoxdursa, təbii ki, onun qəbulunda da hər hansı qəbahət yoxdur.
- “Qarabağ”da qida rejiminə tam əməl etməyən futbolçular varmı və bu cür hallarda hansı tədbirlər görülür?
- Hazırda yoxdur. Biz hər gün bazaya gələn kimi bütün futbolçuların bədən kompozisiyalarını və çəkilərini yoxlayırıq. Onların gündəlik müayinələrini aparırıq. Nəticələri məşqçilər korpusuna təqdim edirik. Onun əsasında məşq proseslərimiz başlayır. Futbolçularda elə bir şans yoxdur ki, menyudan qlobal kənaraçıxma etsinlər. İkinci növbədə, baş məşqçimiz, fiziki hazırlıq üzrə həkimlər və biz tərəfdən olduqca ciddi nəzarət var. Ona görə də burada hansısa pozuntular müşahidə olunmur.
- Qidalanma məsələsində legioner, yoxsa yerli futbolçularla işləmək daha asandır?
- Əslində, bu, individual sualdır. Hər oyunçunun özünəməxsus xasiyyəti və yanaşma tərzi var. Biz əməkdaşlar və həkimlər olaraq çalışırıq ki, hər biri ilə dil tapaq. Həmçinin əcnəbi və yerli futbolçu olmasından asılı olmayaraq, onlarla ünsiyyəti düzgün qurmağa və psixoloji cəhətdən bir-birimizə daha yaxın olmağa cəhd göstəririk. Ona görə də ciddi bir fərq görmürəm. Hər biri ilə işləmək ayrı-ayrılıqda zövq verir.
AZƏRTAC