PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum
Elxan Səmədov dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşmüşdü
Dekarın 16-da saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılmışdı.
Nəticədə sürücü R.Qafarlı və avtomibildə sərnişin qismində olan Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları qəzaya uğramışdılar. Onlar dekabrın 21-də nəzərdə tutulan “Qarabağ” – MOİK matçı üçün Xankəndiyə gedirdlər.
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun müsahibəsini təqdim edirik:
- 2023-cü il 16 dekabr... Bu tarix yaddaşınızda necə qalacaq?
- Bu tarix bir tərəfdən ağır gün kimi yadda qalacaqsa, digər tərəfdən şəxsən mənim üçün ikinci doğum günü kimi də qeyd edə bilərəm.
- Dəhşətli qəzanı necə xatırlayırsınız? Bu barədə ətraflı danışardınız…
- Doğrusu, qəza vaxtı gec saatlar idi və mən o zaman maşında yatmışdım. Odur ki, ətraflı danışa bilməyəcəyəm.
- Həmin an keçirdiyiniz hissləri necə ifadə edərdiniz? Gözünüzün qarşısına ilk olaraq kim və ya kimlər gəldi?
- Qüvvətli zərbədən sonra oyandım. İlk anlarda şokda idim. Sonra anladım ki, qəza baş verib. Təbii ki, ilk növbədə həmkarlarımı düşündüm. Onların hansı vəziyyətdə ola biləcəyi ehtimalı daha qorxunc gəlirdi. Allaha şükür ki, bir-bir hamının səsini eşitdim. Bundan sonra çox rahat oldum. Sonradan ilk olaraq gözümün qarşısına anam gəldi. Fikirləşirdim ki, bu hadisəni necə gizlədə bilərəm ki, xəbər tutmasın.
- Adətən insanlar faciəvi hadisələrdən sağ-salamat çıxdıqdan sonra həyata daha möhkəm bağlanırlar və sanki bunu onlara verilmiş ikinci şans kimi qiymətləndirirlər. Həmin qəza sizə nəyi öyrətdi?
-Əlbəttə ki, belə hadisələrdən sonra sağ qaldığımıza görə Allaha şükür etməliyik. Bir müddət ayağımı itirmək təhlükəsi var idi. Amma həkimlərimiz sağ olsun, kəsilmədən qoruya bildilər. PFL kimi biz bu hadisədən sonra daha möhkəm, daha güclü olduq. Tam bir ailəyə çevrildik. Dekabrın 16-da bizim düşdüyümüz qəzaya görə narahatlıq keçirərək müalicə olunduğumuz hospitalın həyətində toplaşan xeyli insan olub. Onlara təşəkkür edirəm. Bizi tanıyanlar, dost-tanışlarımız, qohumlarımız var qüvvələri ilə ailələrimizə dəstək olublar. Belə şeyləri heç vaxt unutmaq olmaz. Onlara bir daha minnətdarlığımı bildirirəm. Allaha şükür edirəm ki, sağıq.
- Ötən il həyatınızın bəlkə də ən çətin dönəmi oldu desək, yanılmarıq. Səhv etmirəmsə, qəzadan bir neçə ay öncə də futbol oynayarkən zədə almısınız...
- Bəli, bu vəzifəyə seçiləndən bir neçə ay sonra futbol oynayarkən əlimdəki baş barmaq sınmışdı. Şükür olsun, hazırda tam bərpa olunub.
- Hazırda özünüzü necə hiss edirsiniz? Gəzə bilirsiniz?
- Hazırda vəziyyətim stabildir. Əfsuslar olsun ki, gəzə bilmirəm. Reabilitasiya davam edir. Yaxın zamanda ayağa qalxmağa çalışacağam.
- Qəzadan sonra bir neçə ağır əməliyyat keçirdiniz. Əvvəlki Elxan Səmədovu tam sağlam şəkildə yenidən öz işinin başında görmək üçün daha neçə müddət lazım olacaq?
- Ümumilikdə irili-xırdalı 9 əməliyyat keçirdim. Amma həkimlərin sözlərinə görə bir-iki aya işə çıxa biləcəm. Xəstəxanada olmağımıza baxmayaraq, qəzadan 1 həftə sonra işə başlamışıq. O vaxtdan da rahat işləyirik.
- Siz işə çıxmasanız da komandanız bu müddətdə var gücü ilə çalışdı ki, yoxluğunuz hiss olunmasın. Necə düşünürsünüz, buna nə dərəcədə nail ola bildilər?
- Əməkdaşlarımız işlərinin peşəkarlarıdırlar. Həmişəki kimi əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Bir daha qeyd etmək istəyirəm ki, bu qəza bizi daha güclü etdi. Kollektivimizə mən xəstəxanada olduğum zaman ikiqat işlədiyinə görə təşəkkür edirəm.
- AFFA-dakı prezident seçkiləri barədə nə demək istərdiniz? Sizcə, bu dəyişiklik futbolumuza nə qazandıracaq?
-Fürsətdən istifadə edərək, Rövşən Nəcəfi AFFA prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Rövşən bəy də futbolu sevən insandır. Seçildikdən sonra konfransda, ardından isə mətbuat önündə mümkün qədər geniş şəkildə fikirlərini, hədəflərini bildirdi. Özünün də qeyd etdiyi kimi, zamana ehtiyac var və bu da normal bir istəkdir.
- Milli assosiasiyanın yeni prezidenti Rövşən Nəcəf çempionatın formatı və komanda sayının müzakirə olunacağını bildirdi. Sizcə, hazırkı məqamda belə bir şeyə ehtiyac varmı və bu, hansı effekti verə bilər?
- Təbii ki, hər birimiz Premyer Liqada komanda sayının daha çox olmasını istəyirik. Amma indiki məqamda buna hazır olub-olmadığımızı yaxşıca analiz etməliyik. Həm infrastruktur, həm də maliyyə cəhətdən. Bu dəyişikliklər olsa, ciddi vəsaitə ehtiyac duyulacaq. Ona görə də bu məsələlər müzakirə mövzusudur.
- “Qarabağ”ın Avropa Liqasındakı parlaq oyunlarını yəqin ki, izləyirdiniz...
-“Qarabağ” klubunu, başda rəhbərlik olmaqla Qurban Qurbanovu təbrik edirəm. Möhtəşəm çıxış etdilər. Azərbaycan futbolunu Avropada layiqli şəkildə təmsil etdilər. İnşallah, qarşıdakı mövsümdə daha irəli gedəcəklər. Bu oyunlar bir daha “Qarabağ”ın Avropanın ən güclü komandalarından biri olduğunu sübut etdi. Bu cür peşəkar iş, peşəkar yanaşma başqa klublar üçün də nümunə olmalıdır.
"AZƏRTAC"