BLOQ

Azərbaycan mədəniyyətinin acgöz məmurları!

Siz ermənilərlə mədəni qarşıdurmaya da məhkumsunuz!

Azərbaycan mədəniyyətinin acgöz məmurları!
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Hazırlaşın!

    Erməni lobbisi "Oskar" mükafatını aldı. Teni Melidonyan adlı erməni ekspert-diplomatı "Oskar" mükafatı münsiflər heyəti başqanlığına gətirildi. Özü gəldi öz ayağı ilə, yaxud sürüyüb leşini atdılar bu kürsüyə - bu, başqa sualdır.
    Həqiqət bizimçün, xüsusən mədəni generallarımız üçün çox acıdır. Ürəkaçan deyil. Hər halda, Ermənistan səfirliyi əməkdaşının yeni təyinatını bu cür dəyərləndirdim.
    Bu hələ jurnaldır. Kino hələ irəlidədir.
    Beləlliklə, Ermənistan siyasi strategiyası yeni üfüqlərin fəthinə hazırlaşır.
    Azərbaycanın hərbi nailiyyətlərini İrəvan humanitar uzaq vuran silahlarla, misal üçün, "Oskar" ödülü ilə neytrallaşdırmaq istəyir.
    Beynəlxalq sənədli film birinciliyində (İDFA) ermənilər qara qəpik xərcləmədən birincilik qazandılar ötən il. Söhbət rejissor Şoqaqat Vardanyanın əl telefonu ilə çəkdiyi "1489" filmindən gedir. Mövzu? Mövzu, 44 günlük müharibədir. Həmin film FIPRESCI adlı Dünya kinotənqidçiləri birliyinin mükafatını qazanıb həm də. Detal: bu vacib qurumda ən yüksək kürsüdə Alin Taşiyan adlı bir Türkiyə ermənisi əyləşib. İran rejissoru Məhəmməd Rasuloffun antiazərbaycan məzmunlu "Əlyazmaları yanmır" filminə də, bax, bu qurum hələ 2012-ci ildə sanballı mükafatını vermişdi.

    Gözünüzü açın,  Azərbaycan mədəniyyətinin acgöz məmurları - siz ermənilərlə mədəni qarşıdurmaya da məhkumsunuz.

    Ancaq tam hazırlıqsızsınız, rejissorsuzsunuz, yazıçısızsınız bu vacib Armageddon döyüşündə.

    Ordumuz, həəə... udur erməni qəsbkarlarını - bu danılmazdır! Maşallah, sinələrinə medallar sığmır. Ancaq mədəni məmurlarımızın, kino, ədəbiyyat cırtqozlarımızın ütülü kostyumunu bircə beynəlxalq medal belə ağırlaşdırmır.

    Mədəniyyətimiz, müvafiq mədəni qurumlarımız - ilk növbədə ədəbiyyatımız, kinomuz, TV sənətimiz, teleaparıcılarımız ermənilərə böyük hesab fərqi ilə uduzurlar. Bunu etiraf etməyin, məncə, bu gün tam vaxtıdır.

    Bizimkilərin cavabı həmişəki kimi infantildir - uşaqcasınadır. Götürüb kino rəhbərliyini dəyişirlər. Bu gedişlə digər mədəni instansiyalarda da zəlzələ yaşana bilər, hə, razıyam.

    Xarici hücumlara bizim ədəbi, ərköyün "çağalar" daxili çəkişmələrlə cavab verəcəklər. Çünkü qablarında ancaq bu var. Maraqları qonşu kəndə qədərdir. Yerevana, Parisə qədər uzanan məsafələri qət edəcək qanadları əsla yoxdur.

    Əşşi, biizmkilər bəhanə gəzirlər daxildə mədəni müharibə aparsınlar. Bizimkilərin xarici meydançalarda vuruşmaq heyi, istedadı sıfırdır. Qısası, mədəniyyət sahəsində "iç davalar" gözlənilir. Çoxlarının paqonların sökəcəklər. Eynən 1993-cü ildəki kimi. O vaxt siyasi uğursuzluqlar daxili müharibələrə, yerdəyişmələrə gətirib çıxardı. Elitalar dəyişdi. Siyasətdə elitalar dəyişdi o vaxt. Mədəniyyətdə yox...
    İndiki mədəni böhran da o vaxtların mirasıdır. Andırıdır. Şoğəribidir. Zibilidir. Siyasi inqilab elitar inqilabla davam etməli, yarımçıq kəsilməməli idi.

    Mədəniyyətimiz öz 1993-cü ilini yaşayır indi. Ancaq bu diaqnozumda, xahiş edirəm, ölməz fransız yazarı Huqonun "1793-cü il" oxşarlarını axtarmayın. 1993-cü ili, sadəcə, xatırlayın. Bir də yaşayın. Ancaq mədəniyyət sahəsində.