BLOQ

Öz məqsədindən, yolundan yayinmiş inqilablar və rəhbərlər

İran İnqilabı haqqında ritorik həqiqətlər barədə kiçik, amma narahat edən esse

Öz məqsədindən, yolundan yayinmiş inqilablar və rəhbərlər
  • Oxuma müddəti:

    6 dəqiqə

  • İnqilablar adətən böyük hərflərlə başlayır: “Xalq”, “Ədalət”, “Azadlıq”, “Müstəqillik”.
    Bu sözlər tribunada ucadan deyilir, çünki tribunada səs həmişə toplaşan başlardan hündür olur.
    İnqilabın ilk günlərində hamı eyni dildə danışır. Çünki hələ heç kim vəzifəyə təyin olunmayıb.
    Sonra vaxt keçir. Və maraqlı bir proses başlayır: inqilab məqsədinə çatmır — məqsəd forma etibarilə dəyişir. “Xalq” bir nəfərə və ya cəmi bir neçə adama endirilir. İnqilab öz doğmaca valideynlərini yeyir və üstündən də su içir.
    Beləliklə, hakimiyyət modeli xalqdan uzaqlaşır, dövlətin əsas məqsədi insanlara xidmət yox, özünü qoruma mexanizminə çevrilir. Formula çox ibtidaidir. Əvvəl dövlət xalq üçün qurulur. Sonra xalq dövlət üçün işləməyə başlayır. Daha sonra isə xalq dövlətin yükünü daşıyır. Bu mərhələdə artıq “xalq” sözü yalnız yalnız çıxışlarda qalır, xalqın özü isə növbələrdə…
    Hakimiyyəti çaşdıran əsas məqam odur ki, xalq uzun müddət susur. Amma bu, heç də razılıq demək deyil. Dövlət rəhbərləri deyirlər: “Xalq bizim arxamızdadır”. Xalq isə yenə susur. Hakimiyyət bunu razılıq sanır. Amma bu belə deyil.
    Xalqın susmasının mərhələləri var:
    1.⁠ ⁠Hadisələrin inkişafını öz əməllərinin davamı kimi qiymətləndirir.
    2.⁠ ⁠Hadisələrin inkişafını artıq öz əməllərinin nəticəsi saymır.
    3.⁠ ⁠Narazılıq dərinləşir.
    4.⁠ ⁠Küçələrə çıxır.
    Bu mərhələdə hökumət meydana ideologiya çıxarır. İdeologiya çörək bişirmir, amma ac insanı uzun-uzadı nitqlərlə yuxuya verə bilir. Bayraqlar artır, şüarlar təzələnir, plakatlar çoxalır.
    Süfrə isə boşalır. Süfrə boşaldıqca, şüarların səsi avtomatik yüksəlir — ta ki sındırılan boşqabların səsi bu şüarların səsini kəsənə qədər. İnsan aclığa dözür, amma balasının ac qalmasına dözə bilmir.
    Bu gün İran İnqilabından 47 il keçməsinə baxmayaraq, real qərarvericilik xalqın əlində deyil. Seçkilər və digər demokratik institutlar formal xarakter daşıyır. Ölkədə əsas problemlər iqtisadi sanksiyalardan çox, daxili ədalətsizlikdən, korrupsiyadan və qapalı idarəçilik sistemindən qaynaqlanır. Dövlət xalqı daşımalı olduğu halda, xalq dövləti daşıyır və iyerarxik nizam pozulur.
    Burada mövcud və süni şəkildə qorunan Qərb–Şərq qarşıdurması ritorikasının böyük rolu var. Xalq üçün artıq real nəticə verməyən “böyük düşmən” narrativləri sadəcə daxili problemləri ört-basdır etmək üçündür. Hakimiyyət güzgünü sevmir. Şəxsən mən dünyanın bir çox ölkələrinin rəhbər saraylarında, o cümlədən İranda da rəhbərlərin iqamətgahlarında olmuşam, amma oralarda heç vaxt güzgü görməmişəm. Güzgü yalnız ayaqyolunda var idi. Bu “yol” isə xəlvətliyi sevir. Bəlkə elə bu səbəbdən ölkə siyasəti də xəlvət yollarla xalqı idarə edir:
    Etiraz etsən — “xəyanət”dir. Sual versən — “xarici sifariş”dir. Ac olsan — “Allahın səbr sınağı”dır. 
    Ümumiyyətlə, Allahın adı ilə edilən ədalətsizlik ən ağır ədalətsizlikdir.
    Xalq üçün əsas məsələ ideologiya yox, ləyaqətli həyat, azad söz və ədalətli idarəçilikdir. Metamorfoza ondan ibarətdir ki, bu gün İranda “böyük düşmən” narrativləri əhalinin xeyli hissəsi üçün “böyük dost” dastanına çevrilir. Kasa dolur və bu yerdən hakimiyyət özünü müqəddəs mübarizənin qəhrəmanı, fironların zülmünə məruz qalmış məzlum kimi təqdim edir.
    Bu isə çox təhlükəli mərhələdir. Çünki insan səhv edə bilər, amma müqəddəs səhv heç vaxt etiraf olunmur. Problem ondadır ki, hakimiyyət özünü müqəddəs saymağa başlayanda səhvlərini də müqəddəs hesab edir. İmam Əli ibn Əbu Talib (ə) deyirdi: “Xəstəliyində özün günahkarsan, amma bunu görmürsən. Dərman isə özündədir, amma bunu hiss etmirsən".
    İnqilab artıq xatirəyə çevrilir. Onun idealları muzey vitrinlərində saxlanılır. Rəhbərlər isə deyirlər: “Biz hələ də inqilabçıyıq” — lap rəhmətlik Müəmmər Qəddafi kimi. Bu gün bu şüarlar təxminən belə səslənir: “Biz hələ də gəncik”. Amma bunu deyənlər, təəssüf ki, yalnız öz ayaq yollarını görür, üzlərini, saçlarına düşən dəni isə güzgüdə görmürlər.
    Ən maraqlısı isə budur ki, əsrlər boyu adlar dəyişir, şüarlar dəyişir, bayraqlar dəyişir. Amma rəhbərlərin başdaşına qoyulan nərgiz gülləri dəyişmir. Təəssüf ki, rəhbərlər xalqa məqsədlərinə çatmaq üçün dözməyi bacaran bir yol kimi baxırlar. Ayaqyolu kimi. Bəlkə problem də məhz bu yoldadır. Daha doğrusu, rəhbərləri orada müşayiət edən güzgüdə. Axı ona xəlvət baxanda yalnız özünü görürsən. Yalnız özünün “özəlliyini” və “gözəlliyini”.