Özbəkistan hökuməti “Sea Breeze Uzbekistan”ı təsdiqləyib
Layihənin ümumi dəyəri 5 milyard dollar məbləğində qiymətləndirilir

Özbəkistan hökuməti Çarvak gölünün sahilində “Sea Breeze Uzbekistan” kurortunun tikintisinin şərtlərini təsdiqləyib.
Özbək mediası xəbər verir ki, Özbəkistan Nazirlər Kabineti 1 avqust tarixli qərarı ilə Daşkənd vilayətinin Bostanlıq rayonundakı Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” bütün mövsümlük kurort kompleksinin yaradılması üzrə investisiya layihəsinin həyata keçirilməsi tədbirlərini təsdiqləyib.
Sənədə əsasən, Özbəkistanın İnvestisiyaların cəlb edilməsi, sənayenin inkişafı və ticarətin tənzimlənməsi üzrə Hökumət Komissiyası “Agalarov Development” şirkətinin iştirakı ilə təsis edilmiş “Sea Breeze Uzbekistan” şirkətini 577 hektar sahədə layihənin həyata keçirilməsi üçün ən yaxşı təklifin seçiminin qalibi elan edib.
Layihənin ümumi dəyəri 5 milyard dollar məbləğində qiymətləndirilir.