Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib
Azərbayncan Prezident İlham Əliyevin Sərəncamına görə isə, Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
15:40
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla o, bu mükafata Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Xatırladaq ki, müvafiq sərəncamla H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri təyin olunub. Sabah, iyunun 23-ü onun 80 yaşı tamam olur.
***
15:03
İyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə diplomatik fəaliyyətini başa vuran Azərbaycanın səfiri Hüseyn Quliyevi qəbul edib.
Özbəkistan Prezidentinin ofisi xəbər verir ki, Şavkat Mirziyoyev iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafı və möhkəmləndirilməsində Azərbaycan səfirinin səmərəli işini, onun şəxsi töhfəsini xüsusi qeyd edib.
Görüş əsnasında ən yüksək və digər səviyyələrdə intensiv dialoqun qurulduğu, ticarət və iqtisadiyyatda əhəmiyyətli irəliləyişlərin əldə edildiyi qeyd edilib: son illərdə ticarət dövriyyəsi xeyli artıb, Azərbaycan kapitalı ilə 280 müəssisə və Birgə İnvestisiya Şirkəti yaradılıb.
Daha sonra geologiya, kənd təsərrüfatı, nəqliyyat, şəhərsalma, tekstil, əczaçılıq və digər sahələrdə əməkdaşlıq layihələrinin aktiv mərhələdə olduğu, həmçinin mühüm mədəni və humanitar mübadilə proqramlarının həyata keçirildiyi vurğulanıb.
Görüşün sonunda Özbəkistan Prezidenti Hüseyn Quliyevə Özbəkistan-Azərbaycan çoxşaxəli münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfələrinə görə “Mexnat Şuxrati” ordenini təqdim edib.


Səfir diplomatik missiyasına verdiyi yüksək qiymətə görə Özbəkistan dövlətinin başçısına dərin minnətdarlığını bildirib və iki ölkə arasında genişmiqyaslı əməkdaşlığın inkişafına göstərdiyi hərtərəfli dəstəyə görə ona təşəkkür edib.
2 dəqiqə