XƏBƏRLƏR / Yükdaşıma

Özbəkistan və Azərbaycan arasında yükdaşımaların həcmi artıb

Özbəkistan yüklərinin Azərbaycan ərazisindən keçən tranzit axını artıq milyon tonlarla ölçülür

Özbəkistan və Azərbaycan arasında yükdaşımaların həcmi artıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Özbəkistan və Azərbaycan arasında yükdaşımaların həcmi 2024-cü ilin yekunlarına görə 100 min tondan çox olub ki, bu da 2023-cü illə müqayisədə 5 faiz çoxdur.

    Bu barədə "Trend"ə Özbəkistanın Nəqliyyat Nazirliyindən olan mənbə məlumat verib.

    Mənbənin məlumatına görə, bu dinamika iki ölkə arasında ticarət dövriyyəsindəki artımı və istehsalat kooperasiyasının genişlənməsini əks etdirir.

    “Bununla yanaşı, Özbəkistan yüklərinin Azərbaycan ərazisindən keçən tranzit axını artıq milyon tonlarla ölçülür. 2024-cü ildə Orta Dəhliz çərçivəsində Bakı limanı vasitəsilə Özbəkistandan 1 milyon tondan çox yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 26 faiz çoxdur”, – deyə nazirlikdə bildiriblər.

    Qarşılıqlı tədarüklərin strukturundan danışarkən, qurum ticarətin əsasını bir neçə iri məhsul qrupunun təşkil etdiyini vurğulayıb. Özbəkistan Azərbaycana əsasən kənd təsərrüfatı məhsulları, qida emalı məhsulları, kağız və kartondan hazırlanmış qablaşdırma materialları, nəqliyyat vasitələri və ehtiyat hissələri, həmçinin mineral gübrələr ixrac edir.

    “Öz növbəsində, Azərbaycandan idxal əsasən metal və metal məmulatları, ərzaq məhsulları (o cümlədən şəkər və onun emal məhsulları, taxıl və un-düyü məhsulları, meyvə), eləcə də Özbəkistanın müxtəlif sənaye sahələrində geniş istifadə olunan polimer xammalı və plastik materiallarla təmsil olunur”, – deyə nazirlikdən əlavə ediblər.