Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir
Şavkat Mirziyoyev də prezident seçkilərində səs verib
Özbəkistanda növbədənkənar prezident seçkilərində ölkənin diplomatik və digər nümayəndəliklərinin nəzdində təşkil olunmuş 39 xarici ölkədəki 56 məntəqə istisna olmaqla, digər 10 784 seçki məntəqəsində səsvermə başlayıb.
Seçkilərdə onlarla dövləti və beynəlxalq təşkilatı təmsil edən 800-ə yaxın beynəlxalq müşahidəçi, o cümlədən 1500-ə yaxın yerli və xarici jurnalist akkreditasiyadan keçib.
Qeyd edək ki, Özbəkistan Xalq Demokratik Partiyasından İnoyatov Uluqbek İlyasoviç, Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, “Adolat” Sosial Demokrat Partiyasından Mahmudova Robaxon Anvarovna, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyev seçkilərdə prezidentliyə namizəddirlər.
Özbəkistan prezidentliyinə namizəd Şavkat Mirziyoyev yerli vaxtla saat 10:00 radələrində (Bakı vaxtı ilə saat 09:00) Daşkənddəki 59-cu seçki məntəqəsində səs verib.
Mirziyoyevi həyat yoldaşı, övladları və nəvələri müşayiət edib.
Prezidentliyə namizəd səs verdikdən sonra seçki məntəqəsinə gələn yerli sakinlərlə danışıb.
Qeyd edək ki, bu gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir. Ölkədə seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 07:00) açılıb və 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanacaq.