Pakistanda sərnişin avtobusuna hücum: azı 38 ölü, 29 yaralı
Məlumatı Hayber Paxtunxva əyalətinin baş katibi Nadim Aslam Çaudri verib
Cümə axşamı Pakistanın şimal-qərbindəki qəbilə bölgəsində silahlı şəxslərin sərnişin avtomobillərinə atəş açması nəticəsində azı 38 nəfər ölüb, 29 nəfər yaralanıb, Hayber Paxtunxva əyalətinin baş katibi Nadim Aslam Çaudri bildirib.
Kurram qəbilə bölgəsində baş verən hücumda ölənlər arasında bir qadın və bir uşaq olduğunu söyləyən Çaudri "Bu, böyük bir faciədir və ölənlərin sayının arta biləcəyi ehtimalı var" deyib.
Əfqanıstanla həmsərhəd olan qəbilələrin yaşadığı ərazidə silahlı şiə və sünni müsəlmanlar arasında torpaq mübahisəsinə görə onilliklərdir gərginlik var.
Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
"Silahlı şəxslər onlara atəş açan zaman biri Pişəvərdən Paraçinara, digəri isə Paraçinardan Pişəvərə sərnişin daşıyan iki sərnişin avtomobil karvanı olub", - Paraçinarın yerli sakini Ziarət Hüseyn "Reuters" agentliyinə telefonla deyib və əlavə edib ki, qohumları karvanda Pişəvərdən səyahət edir.
Prezident Asif Əli Zərdari verdiyi açıqlamada sərnişin avtomobillərinə hücumu kəskin şəkildə pisləyib.
Azərbaycan xarici işlər nazirliyi terror aktı ilə əlaqədar Pakistan rəhbərliyi və xalqına başsağlığı verib.