Pakistanda terrorçular qatara hücum vaxtı 50 girovu öldürüb
Bu barədə “Reuters” məlumat yayıb YENİLƏNİB

22:15
"Pakistan sərnişin qatarında faciəli insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıtdı və dərindən kədərləndirdi".
Bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yaydığı bəyanatda öz əksini tapıb.
Bəyanatda həmçinin deyilir:
"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin dövrdə biz qardaş Pakistan İslam Respublikası ilə həmrəyyik və və terror təhdidinin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyirik".
***
20:15
Pakistanda Bəlucistan Azadlıq Ordusu ekstremist qruplaşmasının yaraqlıları qatarın qaçırılması zamanı azı 50 girovu öldürüb. Bu barədə “Reuters” məlumat yayıb.
Onun məlumatına görə, silahlılar özləri 50 girovun öldürüldüyünü elan ediblər. Agentlik Pakistan rəsmilərinə istinadən xəbər verir ki, hazırda 190 girov xilas edilib.
Xatırladaq ki, Bəlucistan Azadlıq Ordusu Kvettadan (Bəlucistan əyalətinin mərkəzi) Pişəvərə (Xeybər Paxtunxva əyalətinin mərkəzi) gedən qatarda 450-yə yaxın sərnişini girov götürüb. Ekstremistlər dəmiryol relslərini partladıb, daha sonra qatara atəş açıblar. Hücum zamanı qatarın təhlükəsizlik işçiləri ilə silahlılar arasında atışma baş verib.