Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 14-dən 15-dək Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə o, twitter hesabında yazıb.
"Zati-aliləri Prezident İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana yola düşürəm. Səfər hökumətimizin ikitərəfli əməkdaşlığı gücləndirmək və qarşılıqlı faydalı tərəfdaşlığı qurmaq siyasətinin bir hissəsidir. Üstünlüklü Ticarət Sazişinin (ÜTS) erkən yekunlaşdırılmasını sürətləndirməkdən başqa, mən Azərbaycan rəhbərliyi ilə enerji, bank, maliyyə xidmətləri və İT sektorlarında əməkdaşlıq imkanlarının açılması üçün mühüm danışıqlar aparacağam. Mükəmməl ikitərəfli siyasi əlaqələri möhkəm ticarət və investisiya münasibətlərinə çevirmək bizim üçün əsas məqsəd olaraq qalır. Mərkəzi Asiya bizim enerji təhlükəsizliyi siyasətimizin mərkəzidir və biz Pakistanın enerji təhlükəsizliyini təmin etmək üçün Mərkəzi Asiya Respublikalarıyla əməkdaşlığı gücləndirməyə sadiqik".
Səfər zamanı baş naziri Azərbaycanla əməkdaşlığın prioritet sahələrini təmsil edən nazirlər müşayiət edəcək.
Baş nazir ticarət, investisiya və enerji də daxil olmaqla əməkdaşlığın əsas istiqamətləri üzrə geniş danışıqlar aparacaq. Çoxtərəfli forumlarda qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər və əməkdaşlıq da müzakirə olunacaq.