XƏBƏRLƏR / Diplomatiya

Pakistanın İrəvandakı ilk səfiri etimadnaməsini təqdim edib

Bu təyinat Pakistanın Ermənistanla münasibətlərində tarixi dəyişiklikdən sonra baş verib

Pakistanın İrəvandakı ilk səfiri etimadnaməsini təqdim edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Pakistanın Ermənistandakı ilk fövqəladə və səlahiyyətli səfiri Şafqat Əli Xan etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib.

    Erməni mənbələrinə görə, tərəflər Pakistan və Ermənistan arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq və yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Ermənistan Prezidentinin mətbuat xidməti bildirib ki, Xaçaturyan Şafqat Əli Xana diplomatik missiyasında uğurlar arzulayıb və onun Pakistanın Ermənistandakı ilk səfiri olmasının əhəmiyyətini vurğulayıb.

    Qeyd edək ki, bu təyinat Pakistanın Ermənistanla münasibətlərində tarixi dəyişiklikdən sonra baş verib.

    Pakistan uzun illər Ermənistanı müstəqil dövlət kimi tanımayan ölkələrdən biri olub. İslamabadın bu mövqeyi əsasən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə əlaqələndirilirdi. Azərbaycan Xarici İşlər Nazirliyi də əvvəlki illərdə Pakistanın Ermənistanı məhz Azərbaycanın ərazilərinin işğalına görə tanımadığını və iki ölkə arasında diplomatik münasibətlərin olmadığını bildirirdi.

    Lakin Azərbaycan-Ermənistan sülh prosesində baş verən dəyişikliklər fonunda Pakistan və Ermənistan arasında münasibətlərdə yeni mərhələ başlayıb. Bundan sonra qarşılıqlı diplomatik nümayəndələrin təyin edilməsi istiqamətində addımlar atılıb. 2026-cı ilin iyulunda Ermənistan da Pakistan üzrə ilk səfirini təyin edib.

    Şafqat Əli Xan bundan əvvəl Pakistanın Rusiya və Birləşmiş Ərəb Əmirliklərində səfiri, həmçinin ölkəsinin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.