XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov İƏT Nazirlər Şurasında çıxış edib

YENİLƏNİB

Ceyhun Bayramov İƏT Nazirlər Şurasında çıxış edib
  • Oxuma müddəti:

    6 dəqiqə

  • 13:36

    3 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Məşhəd şəhərinə işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak və çıxış edib.

    Nazir Ceyhun Bayramov çıxışında İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, Təşkilatın institusional inkişafı, iqtisadi-ticarət, enerji təhlükəsizliyi, ətraf mühit, nəqliyyat və kommunikasiyalar, bağlantılar və s. istiqamətlər üzrə əməkdaşlıq imkanlarından istifadə ilə bağlı ölkəmizin baxışından bəhs edib.

    Nazir, həmçinin İƏT regionunda "ECO Vision 2025"ə uyğun olaraq davamlı artım və inkişafın təmin edilməsi üçün gələcək planlar və layihələrdən bəhs edib.

    O qeyd edib ki, yaranan regional çağırışlar fonunda nəzərəçarpacaq nəticələrə nail olmaq üçün əməkdaşlıq potensialından istifadə mühüm əhəmiyyət kəsb edir:

    "Bölgəmizin xüsusilə nəqliyyat və kommunikasiya sahələrindən, strateji coğrafi və geosiyasi xüsusiyyətlərindən istifadə edən Azərbaycan nəqliyyat infrastrukturunun və dəhlizlərin imkanlarının genişləndirilməsini təmin etmək üçün əlaqələrin gücləndirilməsində mühüm rol oynayır".

    Nazirlər Şurasının 28-ci iclasının İƏT-in 10 oktyabr 2023-cü il tarixində tarixi Şuşa şəhərində keçirilən görüşündən bəri Təşkilatın ehtiyacları və üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının gücləndirilməsi ilə bağlı əldə olunan irəliləyişlər və gələcək planların müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.

    2024-cü ildə Təşkilata sədrliyinə, habelə Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasının təşkilinə və qonaqpərvərliyə görə İran İslam Respublikasına təşəkkür edilib, Təşkilata növbəti il sədrlik edəcək Qazaxıstan Respublikasına uğurlar arzulanıb.

    Növbəti il ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi etmək niyyətində olduğu, bu istiqamətdə bütün üzv ölkələrin aktiv iştirak və töhfələrinin vacibliyi diqqətə çatdırıb.

    Üzv dövlətlər arasında mövcud iqtisadi potensiala əsaslanan, bu istiqamətdə regional çağırışlarla mübarizədə hədəfləri təsbit edən və dayanıqlı inkişaf gündəliyi ilə uyğunluq təşkil edən “İƏT-ə Baxış 2025” strategiya sənədinin əhəmiyyəti vurğulanıb.

    İƏT çərçivəsində müxtəlif sahələr, o cümlədən ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, turizm, ətraf mühitin qorunması üzrə əməkdaşlığın təşviqi baxımından ixtisaslaşmış qurumların fəaliyyətinin vacibliyi qeyd olunub. İƏT Araşdırma Mərkəzi və Təmiz Enerji Mərkəzinin ölkəmizdə fəaliyyət göstərəcəyi, bu baxımdan sözügedən qurumların effektivliyinin təmin olunması üzrə onların təsisat sənədlərinin imzalanması və ratifikasiyasının mühüm olduğu qeyd edilib.

    İƏT ölkələrinin bir çoxunun dənizə çıxışı olmadığını nəzərə alaraq, xüsusilə, “Şimal-Cənub Dəhlizi”, “Şərq-Qərb Transxəzər Orta Dəhliz”, “Rəqəmsal İpək Yolu”, “Bakı-Tbilisi-Qars dəmiryolunun modernləşdirilməsi, habelə İran ərazisindən keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi bölgəsini əlaqələndirəcək regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.

    Ötən ay ölkəmizin ev sahibliyi etdiyi, İƏT regionunda ilk dəfə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əldə olunmuş nailiyyətlərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, Bakı Maliyyə Məqsədi daxil olmaqla, COP29 çərçivəsində əldə olunmuş razılıqların iqlim dəyişikliyi ilə mübarizə istiqamətində vacib dönüş nöqtəsi olduğunu qeyd edib.

    Regional dayanıqlı inkişaf təşəbbüslərindən bəhs edən nazir Ceyhun Bayramov, bu istiqamətdə COP29 çərçivəsində imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in bölgəmizdə iqtisadi inkişaf və enerji təhlükəsizliyinin təminində müstəsna rol oynayacağına dair inamını ifadə edib.

    Görüşün sonunda “Məşhəd Kommünikesi” adlı yekun sənəd qəbul edilib.

    ***

    11:16

    İranın Məşhəd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 28-ci iclası keçirilir.

    Bu barədə İRNA məlumat yayıb.

    Bildirilib ki, tədbirdə İƏT-ə üzv ölkələr - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Pakistan, Tacikistan və İranın xaric işlər nazirləri iştirak edirlər.

    Vurğulanıb ki, dekabrın 2-də başlamış iclasda İƏT-ə üzv ölkələrin səfirləri, xarici işlər nazirlərinin müavinləri və ekspertləri müxtəlif iqtisadi, mədəni və sosial sahələrdə əməkdaşlığa dair sənədlərin layihələrini müzakirəyə hazırlayıblar. Həmin sənədlər bu gün, dekabrın 3-də xarici işlər nazirləri tərəfindən təsdiqlənəcək.

    Bundan başqa, iclasın yekun sənədi olaraq Məşhəd Bəyannaməsinin də qəbul ediləcəyi gözlənilir.

    Xatırladaq ki, Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramov toplantıya qatılmaq üçün İrana səfər edib.