Rusiya XİN İlham Əliyevə cavab verməyə cəhd etdi
Prezident Rusiyanın Kiyevdəki Azərbaycan səfirliyinə üç dəfə hava hücumu etdiyini xatırladıb
Xatırladaq ki, Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda keçirilən panel müzakirələrində suala cavab olaraq demişdi:
“Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb, eyni zamanda Azərbaycanın Ukraynadakı səfirliyinə üç dəfə hücum edilib”.
Dövlət başçısı bildirib ki, bu məsələ Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları səviyyəsində rəsmi şəxslər arasında keçirilən çoxsaylı təmaslar zamanı dəfələrlə qaldırılıb.
“Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb, eyni zamanda üç dəfə Azərbaycanın Ukraynadakı səfirliyinə hücum edilib. Birinci hücumdan sonra bunun təsadüfən baş verdiyini düşünə bilərdik. Biz rusiyalı tərəfdaşlarımıza Azərbaycanın bütün diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq şöbəsinin, mədəniyyət mərkəzlərimizin və səfirliyin dəqiq koordinatlarını təqdim etdik. Buna baxmayaraq, daha iki hücum baş verdi. Bu isə Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı qəsdən həyata keçirilmiş hücum deməkdir. Biz xüsusi bəyanatlar yaydıq, səfir dəvət olundu və diplomatik nota təqdim edildi. Biz yalnız diplomatik yollarla hərəkət edirik. Bundan başqa heç nə edə bilmərik. Lakin bu, təbii ki, Azərbaycana qarşı qeyri-dost münasibət kimi qiymətləndirilən bir haldır. Bildirmək istəyirəm ki, Azərbaycan hökuməti tərəfindən bütün zəruri diplomatik addımlar atılıb”, - deyə Prezident vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycan tərəfinə ölkənin Ukraynadakı səfirliyinə dəyən ziyanla bağlı lazımi izahat dərhal verilib. "Xüsusilə, 21 noyabr 2025-ci il tarixində Azərbaycanın Moskvadakı səfiri Ukraynadakı Azərbaycan diplomatik nümayəndəliyinin binalarına və ərazisinə dəyən ziyanla bağlı səmimi təəssüfünü bildirib. Eyni zamanda, Kiyevdəki Azərbaycan diplomatik nümayəndəlik kompleksinə dəyən ziyanın Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin nasazlığı, ehtimal ki, "Patriot" raketinin zərbəsi nəticəsində baş verdiyi qeyd edilib", - nazirlik bildirib.
2 dəqiqə