Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında
Bu barədə XİN rəsmi "X" hesabında paylaşım edib FOTO / YENİLƏNİB
02:30
İqlim dəyişikliyi, dağıdıcı münaqişələr, geosiyasi gərginliklər və artan bərabərsizlik kimi presedentsiz çağırışlarla qarşı-qarşıya qalan dünya həlledici yolayrıcındadır. Bu kritik dönəmdə, “Gələcəyin Sammiti” aktual çağırışların həll olunması, uçurumların aradan qaldırılması və çoxtərəfli sistemin bir vahid şəklində irəlilədiyini nümayiş etdirmək üçün bir fürsətdir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında "Yüksək Səviyyəli Həftə"si çərçivəsində baş tutan “Gələcəyin Sammiti”ndə (“Summit of the Future”) çıxışında deyib.
Nazir qeyd edib ki, Azərbaycan özü beynəlxalq hüququn, o cümlədən humanitar hüququn pozulmasının ən faciəvi nəticələrini yaşayıb və BMT Nizamnaməsinin, habelə əsas orqanlarının çoxsaylı qətnamələrinin icra edilməməsi ədalətsizliyi ilə üzləşib:
"Məhz bu səbəbdən Azərbaycan beynəlxalq hüquqa ciddi riayət edilməsi və beynəlxalq normaların aşınmasının dayandırılması baxımından bu Sammitin ideyasını tam anlayır.
Nizamnamə və eləcə də orada əksini tapan bütün alətlər və mexanizmlər heç bir ikili standartlar, siyasi, coğrafi və ya hər hansı üstünlüklər olmadan qeyd-şərtsiz tətbiq edilməlidir.
Zati-aliləri,
Biz Dayanıqlı İnkişaf Məqsədlərinin cəmi 17%-nin yerinə yetirildiyi Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə aparan yolun tən yarısında görüşürük. İrəliləyişə nail olmaq üçün siyasi öhdəliklərimizi həlledici fəaliyyətə çevirməyə təcili ehtiyac var.
Azərbaycan bu baxımdan DİM-lər üzrə irəliləyişi gücləndirmək üçün Baş katibin səylərini tam dəstəkləyir və 75-ci Yubiley Bəyannaməsindəki öhdəliklərə sadiq qalır.
Biz milli səviyyədə 17 məqsəd, 88 hədəf və 119 göstəricini prioritetləşdirməklə irəliləyişə nail olmaqla digərlərinə nümunə göstəririk. Buna vətəndaş cəmiyyəti, biznes ictimaiyyəti, qadınlar, gənclər və digər əsas maraqlı tərəfləri əhatə edən əməkdaşlıq və inklüziv proses vasitəsilə nail olunub.
Ərazilərimizin işğaldan azad edilməsi DİM-lərə nail olunması baxımından da yeni səhifə açıb. Hökumət DİM-lərin həyata keçirilməsinin bütün aspektlərini əhatə edən on milyardlarla ABŞ dolları dəyərində genişmiqyaslı yenidənqurma və bərpa səylərinə başlayıb.
Bundan əlavə, Azərbaycan DİM18, mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər üzrə milli məqsədi təqdim edib. Təcili humanitar ehtiyacların həlli, yaşayış vasitələrinin bərpası və icmaların canlandırılmasında minalardan təmizlənmənin həlledici olduğunu nəzərə alaraq, daha böyük beynəlxalq dəstəyə və həmrəyliyə çağırırıq.
Biz həmçinin 2030 Gündəliyi üzrə dörd Könüllü Milli Hesabat təqdim edən regionumuzda birinci ölkə olmaqla, bütün dünyada azsaylı ölkələr sırasındayıq. 2024-cü il Dayanıqlı İnkişaf Hesabatında Azərbaycan dünya ölkələrinin üçdə ikisindən irəlidədir.
Zati-aliləri,
Azərbaycan BMT Nizamnaməsi tərəfindən qorunan suverenlik və ərazi bütövlüyü hüquqlarını bərpa edərək yeni dövrə qədəm qoyub.
Azərbaycan gücdən istifadənin qanunsuzluğuna son qoymaqla Ermənistanla tam şəkildə bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsinə əsaslanan postmünaqişə normallaşma gündəliyinin təməlini qoyub.
Biz ikitərəfli danışıqlar vasitəsilə əldə edilmiş irəliləyişi əsas götürərək, yerdə qalan əngəlləri aradan qaldırmaq üçün təcili addımlar atmağa çağırır, lazımi siyasi iradənin və məsuliyyətin nümayiş etdirilməsinin vacibliyini vurğulayırıq.
Xanımlar və cənablar,
Əsrin ən böyük transmilli çağırışı olan iqlim dəyişikliyini aradan qaldırmaq zəruridir. Bu, gələcək risk deyil, bütün dünyada hazırda milyardlarla insan üçün mövcud olan təhlükədir.
2024-cü ilin noyabr ayında Azərbaycan İqlim Dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. “Yaşıl Dünya naminə Həmrəylik” çağırışını rəhbər tutaraq, Azərbaycan iqlim dəyişikliyinə qarşı daha davamlı və dayanıqlı dünya üçün əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. Biz həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri bir araya gətirməyi və ümumi öhdəlik və mənəvi vəzifə qismində iqlim çağırışlarını həll etmək məqsədilə əməkdaşlıq ruhunu təşviq etməyi hədəfləyirik.
Başlamaqda olan COP29 sədrliyi çərçivəsində, biz bütün tərəflər və maraqlı bitərəf tərəfdaşlar ilə inklüziv şəkildə işi davam etdiririk. Azərbaycanın COP29 sədrliyinin əhatəli və inklüziv strategiyası bu il əsas prioritet qismində yeni iqlim maliyyəsi hədəfinin qoyulması ilə ambisiyanın artırılması və fəaliyyətə şərait yaradılması kimi qarşılıqlı şəkildə bir-birini gücləndirən iki sütunda təşəkkül tapıb.
COP29 eyni zamanda, qlobal sülh və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaq. Münaqişələr və iqlim böhranı kimi məsələlərin kəsişdiyini nəzərə alaraq, bir neçə gün əvvəl bəyan edilən Barışıq Çağırışında əksini tapmış COP29 naminə flaqman Barışıq Təşəbbüsünü təqdim edib. Biz COP29 ayı ərzində birliyə və barışığa hörmət etməyə çağırırıq.
Sonda gəlin bir daha iqlim davamlılığı və dayanıqlı inkişafın, sülh və təhlükəsizliyin sadəcə arzu-istək deyil, hamı üçün reallıq olduğu daha yaxşı gələcəyə sadiqliyimizi təsdiq edək.
Biz yalnız cəsarətli, inklüziv və əməkdaşlıq fəaliyyəti vasitəsilə buna nail ola bilərik".
***
23.09.2024
20:45
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Uqandanın sədrliyi ilə "Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi: Fələstin xalqı ilə həmrəylik" mövzusunda təşkil olunmuş Qoşulmama Hərəkatının Nazirlər iclasında iştirak edib.
Bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib. İclasda Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin həqiqi müdafiəçisi kimi rolu vurğulanıb.
"Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, habelə Hərəkatın səmərəliliyinin artırılması istiqamətində davamlı səyləri və təşəbbüsləri ilə yanaşı, Qoşulmama Hərəkatı Troykasının fəal üzvü kimi Hərəkatın rolunun və əhəmiyyətinin daha da artırılmasına sadiq qalır. Azərbaycan hesab edir ki, Fələstin məsələsinin bütün aspektlərdə ədalətli və davamlı həlli BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilənə qədər Hərəkatın gündəliyində prioritet olaraq qalmalıdır", - deyə paylaşımda qeyd edilib.
***
19:25
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında Qoşulmama Hərəkatının Nazirlər Toplantısında iştirak edib.
Bu barədə XİN rəsmi "X" hesabında paylaşım edilib.