XƏBƏRLƏR / Qonşular

Paşinyan Azərbaycandan neft məhsullarının tədarükü barədə

Ermənistan KİV-i xəbər verir

Paşinyan Azərbaycandan neft məhsullarının tədarükü barədə
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan neft məhsullarının ilk partiyasının Ermənistana göndərilməsini alqışlayıb.

    Ermənistan KİV-i xəbər verir ki, bunu Baş nazir bu gün brifinqdə deyib.

    "Bilirəm ki, Azərbaycanda istehsal olunan neft məhsullarının yükləndiyi ilk qatar artıq Ermənistana doğru hərəkət edir. Bu inkişafı alqışlayıram", - o bildirib.

    Baş nazirin sözlərinə görə, ticarət özəl şirkətlər arasında aparılır, lakin bunun üçün siyasi şərait Bakı və İrəvan arasında sülhün bərqərar olması sayəsində yaranıb.

    "Siyasi səviyyədə də razılaşmalar var idi. İlk sövdələşmə artıq reallıqdır", - N.Paşinyan əlavə edib.

    Qeyd edək ki, bu gün Azərbaycan neft məhsullarının ilk partiyası Biləcəri stansiyasından Ermənistana yola salınıb.

    Ermənistanda Aİ-95 benzinin 1 litri 520-530 drama (2,32 - 2,36 AZN) satılır. Azərbaycanda pərakəndə satışda eyni markalı benzinin 1 litri 1,6 AZN satılır.

    Ermənistan benzini əsasən Rusiya və Misirdən alır.