Paşinyan Putinin qiyafəsində
Bu addımları ilə baş nazir Ermənistan vətəndaşları üçün yeganə alternativə çevrilir

Ermənistanda hakimiyyətin konsolidasiyası gedir, Putininkinə bənzər hakimiyyət şaquli qurulur.
Ermənistanın baş naziri siyasi rəqiblərinə qarşı görünməmiş addımlar atıb. Paşinyanın göstərişi ilə Ermənistan hüquq-mühafizə orqanları yüzlərlə Ermənistan vətəndaşını həbs etməyə başlayıb, siyasi və ictimai təşkilatların ofislərində talanlar həyata keçirilir, mətbuat orqanları bağlanır.
Əsasında hakimiyyəti ələ keçirmək planı, erməni əsilli rusiyalı milyarder Samvel Karapetyanın “özümüz bildiyimiz kimi hərəkət edəcəyik” bəyanatı və bütün bunlara Rusiyadan nəzarət edildiyinə dair informasiya sızması olan cəmi 4 səhifəlik A4 mətndir...
Hər şey Putin Rusiyasının nümunəsi və bənzərindədir.
Bəs hanı demokratik lider siması, demokratiya çırağı, Qərbin sadiq dostu və insan haqları müdafiəçisi obrazı?!
Təbii ki, Paşinyan Qərbin, xüsusən də Avropanın reaksiyasına hazırlaşıb. Siyasi opponentlərə qarşı repressiyalar anti-Rusiya hərəkətləri, erməni demokratiyasına hibrid hücumlarla məşğul olan rusiyayönlü qüvvələrin zərərsizləşdirilməsi kontekstində həyata keçirilir.
Fəqət Avropa bunu başa düşəcək və bağışlayacaq... Rusiya tərəfdarı olan siyasi opponentləri darmadağın edən “bizin demokrat qaqaşımız”dan necə imtina etmək olar... Geosiyasət dəyərləri üstələyir... Amma nə qədər ağız dolusu söz-söhbət var idi...
Bundan Azərbaycana nə ?!
Paşinyan bu addımları ilə hakimiyyətini gücləndirir, öz rejimini Ermənistan vətəndaşları üçün yeganə alternativə çevirir və gələn il seçkilərdə qalib gəlməyi hədəfləyir. Paşinyan qorxu aşılayır və qorxu vasitəsilə seçkilərdə qalib gəlməyə çalışır. Və sonra belə bir sistemlə Konstitusiyanın dəyişdirilməsi ilə bağlı ildə keyfi istəyən qədər, lap üç dəfə referendum keçirə bilər.