Paşinyan Rusiyadan dəmir yollarını məhkəmə yolu ilə alacaq
Ermənistanın Baş naziri bu barədə jurnalistlər üçün brifinqdə danışıb
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yolu ilə bağlı yaranmış mübahisənin arbitraj məhkəməsinə çıxarıla biləcəyini bildirib.
Ermənistan mediası xəbər verir ki, Paşinyan bu barədə jurnalistlər üçün brifinqdə danışıb.
"Bu məsələ həll olunmalıdır. Bu məsələnin alternativi yoxdur. Mən istəyirəm ki, bu, hamı üçün tam aydın olsun", – deyə o bildirib.
"Bu bizim mülkiyyətimizdir və Ermənistan dəmir yolundan öz istədiyi kimi istifadə etmək imkanına malik olmalıdır", – Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan ilk növbədə problemi danışıqlar yolu ilə dostcasına həll etməyə çalışacaq.
"Lakin elə bir vəziyyət yarana bilər ki, biz hüquqi baxımdan tərəflər arasında fikir ayrılığının mövcudluğunu rəsmən tanıyaq və sonra bu mübahisəyə baxılması üçün arbitraja müraciət edək", – deyə Paşinyan əlavə edib.
"Hazırda əsasən müxalifət tərəfindən bu və ya digərinin qiymətinin qalxa biləcəyi barədə çox danışılır. Amma belə çıxa bilər ki, Ermənistanda 30 il müftə olduğuna görə Ermənistan 2 milyard dollar tələb etməyə başlasın. Mən dəmir yoluna eyham vurmuram, birbaşa deyirəm ki, bu, Ermənistan Respublikasının mülkiyyətidir, başqa variant yoxdur" - Paşinyan əlavə edib.
Xatırladaq ki, Paşinyan bundan əvvəl də Rusiyanın idarə etdiyi Ermənistan dəmir yolu səbəbindən ölkənin regional kommunikasiyaların açılması prosesində rəqabət üstünlüyünü itirdiyini bildirmişdi.
Qeyd edək ki, Ermənistanın dəmir yolu infrastrukturu qanuni olaraq hökumətin mülkiyyətidir, lakin Rusiya Dəmir Yollarının tam mülkiyyətində olan törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolu (SCR) tərəfindən idarə olunur. İdarəetmə 2008-ci ildə 30 il müddətinə imzalanmış konsessiya müqaviləsi çərçivəsində həyata keçirilir.
2 dəqiqə