Türkiyəli jurnalistlərin səfərini Ermənistan maliyyələşdirib
Bu barədə baş nazirin ictimaiyyətlə əlaqələr və informasiya mərkəzinin direktoru Qor Tsarukyan bildirib YENİLƏNİR

14:34
Türkiyəli jurnalistlər Ermənistan tərəfinin təşəbbüsü və Ermənistan dövlət büdcəsi hesabına Ermənistanın baş naziri Nikol Paşinyanla müsahibə üçün İrəvana gəliblər. Bu barədə "Tert.am"a müsahibəsində İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin direktoru Qor Tsarukyan bildirib.
O, Türkiyənin 10 KİV nümayəndəsinin Ermənistana gəldiyini bildirib. “Bizim təşəbbüsümüz, məqsədimiz Ermənistanın regionda sabit sülhün bərqərar olması və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində yanaşmalarını mümkün qədər birbaşa və ətraflı şəkildə geniş türk ictimaiyyətinə təqdim etməkdir”, - deyə Tsarukyan bildirib.
Təşəbbüsümüzün nə demək olduğu və müraciətin necə edildiyi ilə bağlı aydınlaşdırıcı suala belə cavab verib: “Təşəbbüs İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzindən gəlib. Ən nüfuzlu media orqanlarını tapmağa çalışdıq, redaksiyalarla əlaqə saxladıq, onlar da müvafiq jurnalistləri göndərdilər. Səfər zamanı media nümayəndələri baş nazir, bir sıra digər rəsmi şəxslər, eləcə də ekspert birliyinin üzvləri ilə müsahibələr və müzakirələr aparıblar”.
Dəvət olunanların hamısı İrəvana gəlib, yoxsa imtinalar olubmu sualına Tsarukyan cavab verib ki, hamı gəlib. “Türkiyədən olan jurnalistlər Ermənistanın dövlət büdcəsi hesabına buraya gəliblər və üç gün burada qalacaqlar, sabah da gedəcəklər”, - o qeyd edib.
Xatırladaq ki, ötən gün Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan türkiyəli jurnalistlərlə görüşündən videogörüntülər yayıb.
***
13:20
Türkiyədən bir qrup jurnalist erməni qeyri-hökumət təşkilatının xətti ilə Ermənistana gedib.
Bu barədə Türkiyədə yayımlanan, ermənilərin maliyyələşdirdiyi "Agos" qəzeti yazır.
Adı çəkilən qəzetin də jurnalistlərinin iştirak etdiyi bu səfər zamanı Ermənistan-Türkiyə normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan və digər rəsmilərlə də görüşəcəklər.
Jurnalistlər baş nazir Nikol Paşinyanla da görüşüblər. Paşinyan öz "Facebook" səhifəsində görüşdən qısa video paylaşıb.
Paşinyanın cavabları yaxın saatlarda mətbuatda öz əksini tapacaq.
Jurnalistlər Türkiyə-Ermənistan quru sərhəd qapısının Ermənistan tərəfində aparılan abadlıq işlərini də öz gözləri ilə görəcəklər.
***
11:50
Ermənistanın baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə ilk müsahibəsini verib.
Bununla bağlı Paşinyan Facebook səhifəsində VİDEO paylaşıb.
Baş nazirlə müsahibədə hansı Türk KİV-nin iştirak etdiyi açıqlanmır.
"Hraparak" qəzeti yazır: “Bəzi məlumatlara görə, Nikol Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, ilkin şərt olmadan sərhədin açılması, həmçinin "soyqırım"ın tanınması tarixinə yenidən baxmağa və Meğri vasitəsilə maneəsiz dəmir yolu ilə yük daşımalarını təmin etməyə hazır olmasından danışıb. Əslində, Paşinyanın Türkiyə Prezidenti Ərdoğanla yaxın təmasda olması və hakimiyyətini saxlamaq müqabilində Rusiyanı Türkiyə ilə əvəzləməyə hazır olması ilə bağlı şayiələr təsdiqlənir”, - nəşr qeyd edir.