XƏBƏRLƏR / Siyasət

Paşinyan erməni xalqından üzr istədi

"Son illərdə yaşadığınız ağrılara görə bağışlamanızı diləyirəm"

Paşinyan erməni xalqından üzr istədi
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Yeni il münasibətilə xalqına müraciət edib.

    Paşinyan Ermənistanın 2023-cü ili iqtisadi artımla başa vurduğunu qeyd edib. O, hərbi qulluqçuların və müəllimlərin maaşlarını iki dəfə artırdıqlarını xatırladıb.

    “Bu gün ölkəmizdə 450-500 min dram arasında maaş alan müəllimlər, sıravi hərbi qulluqçular var.

    Məhz işləyən, yaradan və qanunla müəyyən edilmiş vergiləri ödəyən insanların sayəsində biz “Dağlıq Qarabağ”dan qaçqın düşmüş bacı-qardaşlarımızın əsas ehtiyaclarını təmin edə bildik”, - Baş nazir bildirib.

    N.Paşinyan 6-cı dəfədir ki, Ermənistan Respublikasının Baş naziri kimi xalqa Yeni il mesajı ünvanladığını vuğulayıb. O qeyd edib ki, Ermənistan Respublikası müstəqilliyi və suverenliyi möhkəmləndirməyin ən çətin yollarından keçir.

    "Ağrı və təəssüf haqqında çox danışdıq və danışırıq, amma bu Yeni il ərəfəsində sizə baş əyib hər biriniz üçün qürur duyduğumu bildirmək istəyirəm ki, çiyinlərimdə dözülməz bir yükə sahib olduğumuz üçün müstəqilliyimizi və suverenliyimizi möhkəmləndirməyin ən çətin yolu ilə dövlətimizi – Ermənistan Respublikasını idarə edə bildik və bacarırıq", - o deyib.

    Paşinyanın sözlərinə görə, Ermənistan nə qədər çətin olsa da, mümkün olan yeganə yolu gedir: “Bu yol bizə dövləti miras olaraq gələcək nəslimizə ötürməyə imkan verəcək.

    Biz bu yolun çox hissəsini keçmişik, lakin qarşıda duran yeni sınaqlardan, çətinliklərdən də sığortalanmırıq və müstəqil dövlətə sahib olmaq əzmimizə şübhə etməməli, bu dövləti gəlcək nəslimizə miras olaraq qoymalıyıq”.

    Paşinyan xalqdan üzr də istəyib:

    “Mən hər birinizdən, Ermənistan Respublikasının bütün vətəndaşlarından, “Dağlıq Qarabağ”dan qaçqın düşmüş bütün qardaş və bacılarımızdan son illərdə yaşadığınız ağrılara görə bağışlamanızı diləyirəm.

    Sizə qarşı hər hansı bir cinayət törətdiyimə və ya sizə qarşı hər hansı bir məsuliyyət və ya öhdəliyi bir an belə unutduğuma görə deyil, sizin hisslərinizi və mənim də hisslərimi bildiyim üçün üzr istəyirəm.

    Amma bu hiss heç bir halda mənim dövlət başçısı kimi borcumu sarsıda bilməz və bu vəzifə ondan ibarətdir ki, mənim bütün qərarlarım və hərəkətlərim Ermənistan Respublikasının dövlət maraqlarına əsaslanmalıdır. Ona görə də mən regionumuzda qonşularımızla münasibətlərin tənzimlənməsi və dərinləşdirilməsi formullarının axtarışını prioritet hesab edirəm və bundan sonra da dövlət naminə, gələcək naminə bu yolu qətiyyətlə gedəcəyəm”.