XƏBƏRLƏR / İctimaiyyət

Paytaxtda Novruz iməciliyi keçirilir

Səhər saatlarından başlanan iməcilik paytaxtın bütün rayonlarını əhatə edib

Paytaxtda Novruz iməciliyi keçirilir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Novruz Bayramı ərəfəsində “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxt ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər iməciliyi keçirilir.

    Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, səhər saatlarından başlanan iməcilik paytaxtın bütün rayonlarını əhatə edib. İməcilik zamanı şəhərin kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilir.

    İməcilikdə prospekt və küçələr boyunca yerləşən ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər. Obyektlərin qarşısında əraziyə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilib, ictimai iaşə və ticarət obyektlərinin qarşısına yeni gül dibçəkləri qoyulub. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə yaxından iştirak edirlər.

    Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağacların qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, rəngbərəng güllərdən yaraşıqlı kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

    Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparır, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülür.

    İməcilik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib. Bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması paytaxtımız Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, əziz Novruz Bayramını xoş əhval-ruhiyyə ilə qarşılanmasına böyük töhfə olacaq.