XƏBƏRLƏR / Energetika

Pərviz Şahbazov OPEC-in baş katibi ilə görüşdü

Bu barədə Energetika Nazirliyindən bildiriblər

Pərviz Şahbazov OPEC-in baş katibi ilə görüşdü
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Energetika naziri Pərviz Şahbazov Azərbaycana səfəri çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays ilə görüşüb.

    Nazirlikdən bildirilib ki, görüşdə OPEC ilə Azərbaycanın “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində əməkdaşlığı, ölkəmizin qlobal neft bazarının tənzimlənməsində iştirakı, həmçinin tələb-təklif dinamikası ilə bağlı hazırkı vəziyyət və inkişaf tendensiyaları ilə bağlı məsələlər müzakirə edilib.

    “OPEC plus” formatı təşəbbüsünün irəli sürülməsi və həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi rolu yüksək qiymətləndirilib. Baş katib deyib: “Prezident İlham Əliyevin enerji təhlükəsizliyi, neft-qaz sənayesinin inkişafı, investisiyalar haqqında çox aydın baxışları birgə fəaliyyətimiz üçün yeni imkanlar açır. Azərbaycanla eyni mövqeyi bölüşməyimizdən məmnunuq”.

    Bildirilib ki, “OPEC plus” çərçivəsində əməkdaşlığın məqsədi iqtisadi inkişaf üçün dünyanı lazım olan enerji ilə təmin etməkdir. Bu isə bütün enerji növlərindən istifadə ilə mümkün ola bilər.

    Energetika naziri Pərviz Şahbazov isə deyib ki, karbon emissiyalarının azaldılması ilə neft-qaz sektorunun inkişafı dayanıqlı enerji təhlükəsizliyi üçün vacibdir. Bu yanaşma əsasında Azərbaycan, OPEC, digər ölkə və təşkilatların iştirakı ilə daha geniş platformada əməkdaşlığa ehtiyac var və biz neft bazarının sabitləşdirilməsi ilə bağlı səylərimizi bu istiqamətdə də inkişaf etdirməliyik.

    Söhbət zamanı Azərbaycanın OPEC Katibliyi əlaqələrinin dərinləşdirilməsi, “OPEC plus” formatında əməkdaşlığın təşkilata üzv ölkələrlə Azərbaycanın “yaşıl enerji” sahəsində tərəfdaşlığına verdiyi töhfələrdən də bəhs edilib.