Azərbaycanın energetika naziri İrana səfər edib
Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov İrana səfər edib.
Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Məlumata görə, iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparmaq məqsədi ilə martın 14-də Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edib.
Qeyd edək ki, həmin gün energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Cəbrayıl rayonunda Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına baş çəkib.
Nazir “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşIıq haqqında” Sazişə uyğun olaraq həyata keçirilən hidroqovşaqlar və su elektrik stansiyaları layihəsi üzrə görülən işlərlə tanış olub. 1,612 mln. kubmetr su tutumu olan “Xudafərin” və 56.75 mln. kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqlarına aid tikilmiş bəndlər barədə məlumat verilib. Hər iki hidroqovşaqda işlərin 96%-nin yekunlaşdığı bildirilib. Hidroqovşaqlar üzrə qalan işlər nəzərdən keçirilib. Prosesin sürətləndirilməsi üçün mövcud imkanlar dəyərləndirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin su elektrik stansiyalarının inşası ilə bağlı məsələlərə də toxunulub.
Qeyd edək ki, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara verilməsi nəticəsində illik 358 mln. kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması təmin ediləcək.