XƏBƏRLƏR / Münaqişə

PKK Suriyada yaranmış boşluqdan istifadə etmək istəyib

Müxalif Suriya Milli Ordusu isə bəzi əraziləri PKK/YPG terrorçularından təmizləyib

PKK Suriyada yaranmış boşluqdan istifadə etmək istəyib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Suriyada PKK/YPG terrorçuları yaranmış boşluqdan istifadə edərək Rakka bölgəsi və Hələb arasındakı yolu ələ keçirməyə çalışıb.

    Bu barədə Türkiyənin təhlükəsizlik qaynaqlarından Türkiyə KİV-nə bildirilib.

    Qeyd edilib ki, müxalif Suriya Milli Ordusu PKK/YPG terrorçularının bu cəhdinin qarşısını alıb. Bu əməliyyat “Azadlıq şəfəqi” adı altında həyata keçirilib.

    Xatırladaq ki, Rakka bölgəsi və Hələbin Şeyx Maqsud məhəlləsi PKK/YPG terror təşkilatının nəzarətindədir. Hazırda Şeyx Maqsud məhəlləsində Heyət Təhrir əş-Şamın (HTŞ) öncüllük etdiyi müxalif qüvvələrlə PKK/YPG terrorçuları arasında döyüşlər davam edir.

    Suriya Ordusunun geri çəkilərkən PKK/YPG terrorçularına təhvil verdikləri Hələb Hava Limanı da artıq müxaliflərin nəzarətinə keçib.

    Son məlumata görə, müxalif Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Hələbdəki Kuveyris Hərbi Hava Limanını, Tel-Rifat bölgəsində 3 kəndi və bir yüksəkliyi PKK/YPG terrorçularından təmizləyib.

    “Anadolu” agentliyinin verdiyi xəbərə görə, Tel Rıfatda Tel İneb, Mezeret Hamad, Zoyan kəndləri və Zuyan təpəsi nəzarət altına alınıb.

    Kuveyris Hərbi Hava Limanının nəzarət altına alınması ilə PKK/YPG-nin formalaşdırmağa çalışdığı Tel Rifat-Münbiç lojistik xətti də kəsilib. Suriya Ordusu geri çəkilərkən Kuveyris Hərbi Hava Limanını PKK/YPG terrorçularına təhvil verib.

    Qeyd edək ki, PKK/YPG terrorçuları 2016-cı ildə Rusiyanın da hava dəstəyi ilə Tel Rıfat və ətrafındakı bəzi yaşayış məntəqələrini ələ keçirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rıfatın PKK/YPG terrorçularından təmizlənməli olduğunu bəyan edib.