İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib YENİLƏNİB
Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verir
10:24
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.
Bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, bu acı gündə Azərbaycan qardaş və dost İran İslam Respublikası ilə həmrəydir:
"Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşemi və onları müşayiət edən digər şəxslərin həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi. Faciəvi qəza zamanı bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".
***
10:14
Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verib.
Başsağlığının mətnində deyilir:
"Möhtərəm Ayətullah Xameneyi həzrətləri,
Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Prezident Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Bu hüznlü gündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyir, kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!".