N.Paşinyan: “Biz 3+3 formatında görüşlərə hazırıq”
“3+3” formatının bir tərəfi Türkiyə, Rusiya və İran, digər tərəfi isə Azərbaycan, Gürcüstan və Ermənistandır.
Biz 3+3 formatında görüşləri davam etdirməyə hazırıq.
Bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində baş naziriNikol Paşinyan deyib.
“3+3 formatına gəlincə, təsis yığıncağı keçirilən zaman müəyyən prinsiplər razılaşdırılıb və biz bu formatda işləməyə və buna önəm verməyə hazırıq. Bunun vacib olmasının səbəbi ondan ibarətdir ki, biz regional gündəliyi tez-tez uzaq yerlərdə müzakirə edirik və bu bölgədə müzakirə etmirik. Əlbəttə, beynəlxalq ictimaiyyət və tərəfdaşlarımız çox önəmlidir, lakin bizim region ölkələrinə və münasibətlərinə xor baxdığımız təəssüratı yaranmamalıdır”.
Paşinyan qeyd edib ki, Ermənistan müəyyən müzakirələrdən sonra Tehranda 3+3 formatında növbəti görüşə hazırdır.
3+3 formatı Vətən müharibəsinin başa çatmasından az sonra Türkiyə və Azərbaycan liderlərinin təşəbbüsü ilə yaradılıb. Region dövlətləri arasında sıx əlaqələri və inteqrasiyanı nəzərdə tutan “3+3” formatının bir tərəfi Türkiyə, Rusiya və İran, digər tərəfi isə Azərbaycan, Gürcüstan və Ermənistandır.
Hökumət başçısı daha sonra bildirib: “Biz Azərbaycan və Türkiyə üçün yollar açmağa hazırıqmı? Bəli, biz hazırıq və qeyd edildiyi kimi, bu, Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında baş verməlidir. Bu o deməkdir ki, heç bir üçüncü qüvvə Ermənistan Respublikasının heç bir ərazisinə nəzarət etməməlidir.
Ermənistan sərhədini keçərkən Ermənistan Respublikasının sərhəd və gömrük xidmətləri hərəkətə keçməlidir. Bizə deyirlər ki, üçtərəfli bəyanatda deyilir ki, təhlükəsizliyi Rusiya təmin etməlidir, amma mən deyirəm ki, belə bir şey yoxdur”, - Paşinyan bildirib.
Erməni baş nazir bir daha “dəhliz” ifadəsinə qarşı olduğunu vurğulayıb.
“bizim Meğri dəmir yolunun bərpası ilə bağlı heç bir problemimiz yoxdur, əksinə, biz bunda maraqlıyıq, çünki bu, Ermənistanın blokadasının götürülməsi və ümumilikdə sülh deməkdir”, - deyə baş nazir bildirib.
Yolun eyni hissədən keçməsinə gəlincə, Paşinyanın sözlərinə görə, beynəlxalq ekspertlər həm yolun, həm də dəmir yolunun eyni yerdən keçməsini qeyri-real adlandırırlar, lakin bu, texniki məsələdir.
Hökumət başçısının fikrincə, yolların açılması Ermənistan, Azərbaycan və Türkiyə üçün faydalıdır.
“Bəli, bu, regionda ciddi sülh qovşağına çevrilə bilər və biz deyirik ki, bu qeyri-müəyyənliklər aradan qaldırılarsa, burada da problem olmayacaq”, - Paşinyan söyləyib.