Prezident qəbullar keçirdi FOTO
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
11:15
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.
Tatyana Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirib və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb. O, BMT-nin Cenevrə ofisi və Cenevrədə ixtisaslaşmış BMT təşkilatları ilə ölkəmiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
Tatyana Valovaya BMT-nin Qadınlar Davamlı İnkişaf Məqsədi üzrə təşəbbüsünün inkişaf etdirilməsində Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirdi, Prezident İlham Əliyevin minaların təmizlənməsi üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin yaradılması təşəbbüsünün çox dəyərli və vacib olduğunu vurğulayıb. O, BMT çərçivəsində üzv dövlətlərlə birgə bu istiqamətdə müzakirə aparılmasının mümkünlüyünü və önəmini diqqətə çatdırıb.
Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşkilatın təsisatlanmasına və ölkəmizin multilateralizmə daim böyük əhəmiyyət verdiyini bildirib, Hərəkatın təsisatlanması istiqamətində ölkəmiz tərəfindən aparılan işlərin, xüsusilə də Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təşəbbüslərini qeyd edib. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində qadın platformasının yaradılması istiqamətində təşəbbüslə çıxış etdiyini vurğulayıb. Azərbaycanın Ermənistan işğalından azad edilmiş torpaqlarımızın minalarla çirkləndirilməsi problemi ilə üzləşdiyini qeyd edən dövlətimizin başçısı minaların təmizlənməsinin də Dayanıqlı İnkişaf Məqsədi kimi təsbit olunmasının vacibliyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyini və ölkəmizin humanitar minatəmizləmə sahəsində müasir texnologiyalardan səmərəli şəkildə istifadə etdiyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, 2020-ci il noyabrın 10-dan sonra 300-dən çox azərbaycanlı mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.
Görüşdə BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının mövcud kvotalara uyğun olaraq sayının artırılması məsələsinin vacibliyi də müzakirə edilib.
***
11:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saudu qəbul edib.
Bakının gözəlliyinin onu valeh etdiyini deyən Narayan Prakaş Saud Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini vurğulayıb, Azərbaycanın inkişaf etməkdə olan ölkələr üçün nümunə olduğunu deyib. Nepalın xarici işlər naziri ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.
Nepallı tələbələrin Azərbaycanın təqdim etdiyi təqaüd proqramları çərçivəsində təhsil aldıqlarını deyən qonaq buna görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanla Nepalın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edib, ölkələrimiz arasında münasibətlərin həmişə yaxşı olduğunu, lakin əlaqələri daha da genişləndirmək üçün böyük imkanların mövcudluğunu vurğulayıb.
Dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradıldığını deyib, hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində iş aparıldığını qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə Nepala təşəkkürünü bildirib.
Görüşdə ölkələrimiz arasında biznesin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, bu xüsusda nümayəndə heyətlərinin mübadiləsi məsələləri müzakirə olunub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edib.
Əhməd Attaf Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlətimizin başçısında çatdırıb, Prezident İlham Əliyevin onun dəvəti ilə Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında xüsusi qonaq qismində iştirakına görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev salamlara və Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştiraka dəvətə görə Əlcəzair Prezidentinə təşəkkürünü bildirib bvə onun da salamlarını Abdelmacid Tebbuna çatdırmağı xahiş edi. Dövlətimizin başçısı, həmçinin Əlcəzair Prezidentini ölkəmizə rəsmi səfərə dəvət edib.
Əhməd Attaf Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə, Hərəkatın təsisatlanması istiqamətində həyata keçirdiyi işlərə görə təbriklərini çatdırıb.
Dövlətimizin başçısı ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu qeyd edib, Sovetlər Birliyi dövründə çox sayda azərbaycanlı mütəxəssisin Əlcəzairdə fəaliyyət göstərdiyini, bu ölkənin inkişafına öz töhfələrini verdiyini vurğulayıb, eyni zamanda, həmin dövrdə Əlcəzairdən olan çox sayda tələbənin də Azərbaycanda təhsil aldığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının təsisatlanması çərçivəsində həyata keçirdiyi işlərdən danışıb, ölkəmizin təşəbbüsü ilə bu Hərəkatın gənclər təşkilatının və parlament şəbəkəsinin yaradıldığını deyib, Azərbaycanın, eyni zamanda, Qoşulmama Hərəkatı çərçivəsində qadın platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini, sədrlik dövründə bu istiqamətdə də müvafiq tədbirləri həyata keçirəcəyini vurğulayıb.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə Əlcəzair tərəfinə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin OPEC+ formatında əməkdaşlıq məsələləri müzakirə olunub.