XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev “The Goldman Sachs ” şirkəti ilə görüşüb

Prezident Almaniyayanın Münhen şəhərində səfərdədir YENİLƏNİR

İlham Əliyev “The Goldman Sachs ” şirkəti ilə görüşüb
  • Oxuma müddəti:

    9 dəqiqə

  • 21:51

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.

    Görüşdə ölkəmizlə şirkət arasında 2010-cu ildən bəri həyata keçirilən uğurlu tərəfdaşlığa toxunuldu, əlaqələrin mövcud vəziyyəti müzakirə olundu.

    Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə ölkəmizlə “The Goldman Sachs Group Inc.” arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

    Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “The Goldman Sachs Group Inc.” şirkətinin uğurlu tərəfdaşlığının əhəmiyyəti vurğulandı.

    Qeyd edək ki, mənzil-qərargahı ABŞ-nin Nyu-York şəhərində yerləşən “The Goldman Sachs Group Inc.” 1869-cu ildə təsis edilib. Şirkət investisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində çalışan dünyanın aparıcı qlobal maliyyə institututlarından biridir və hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir. O, müxtəlif siniflər üzrə 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.

    ***

    21:27

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

    Söhbət zamanı Kaya Kallasın ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı.

    Avropa İttifaqının Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğu bildirildi.

    Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, bu xüsusda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi mühüm töhfələrə toxunuldu.

    Ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsi ilə yanaşı, nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı.

    Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

    ***

    18:38

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

    Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

    Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə, xüsusilə ukraynalı uşaqlara olan diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

    Azərbaycan və Ukrayna prezidentləri ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

    ***

    16:30

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.

    Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirdi.

    İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə etdi.

    O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

    Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa" parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Sazişin imzalanması məmnunluqla qeyd olundu.

    Ölkələrimiz arasında enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

    Bolqarıstanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirildi.

    Bu ilin mayında Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulanaraq, Bolqarıstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağı bildirildi.

    ***

    13:34

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşüb.

    Söhbət zamanı dövlətimizin başçısının Armin Laşetlə görüşləri məmnunluqla xatırlandı.

    Armin Laşet Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

    Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini dedi.

    Görüşdə Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüsləri barədə söhbət açıldı.

    Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə inkişaf etdiyi vurğulandı.

    Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rola toxunuldu, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

    Görüşdə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqda oynadığı rol vurğulandı, bu təcrübənin beynəlxalq çərçivədə bölüşülməsinin əhəmiyyəti qeyd edildi.

    ***

    10:02

    Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Oracle şirkətinin baş direktoru Mayk Siciliya ilə görüşüb.

    Tərəflər Oracle ilə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraqlarını qeyd ediblər və tərəfdaşlıq perspektivləri ilə bağlı çərçivə sazişinin əldə edildiyini vurğulayıblar.

    Onlar həmçinin Oracle şirkətinin Azərbaycandakı dövlət və özəl müəssisələrlə uzunmüddətli əməkdaşlığını müzakirə ediblər və Azərbaycanın müxtəlif aparıcı ali təhsil müəssisələrində üç Oracle akademiyasının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.


    ***
    20:40

    İlham Əliyev Münhendə Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.

    Söhbət zamanı İlham Əliyevin ötən ilin dekabr ayında Slovakiyaya rəsmi səfəri məmnuniyyətlə xatırlanıb və yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

    Qeyd edilib ki, strateji tərəfdaşlıq kimi xarakterizə olunan Azərbaycan-Slovakiya əlaqələri qarşılıqlı anlaşma və dəstəyə əsaslanır.

    İlham Əliyev və Robert Kalinak müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər, hərbi-texniki əməkdaşlığın inkişafından məmnunluqlarını bildiriblər və tərəfdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.


    ***
    16:50

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.

    Söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirilib.

    Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

    Dövlət başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət etdi. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul etdi.

    ***

    15:25

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-də Almaniya Federativ Respublikasına səfərə gedib.

    Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.