Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər FOTO
Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
Kasım-Jomart Tokayev:
- Mən bugünkü tam formatlı danışıqların nəticələrini yüksək qiymətləndirirəm və bu, ikitərəfli əlaqələri hərtərəfli gücləndirmək niyyətimizi bir daha təsdiqləyir.
- Biz iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi perspektivlərini və istiqamətlərini müzakirə etdik”.
- Biz məmnunluqla qeyd etdik ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi yarım milyard həddinə yaxınlaşıb. Bununla belə, ticarət-iqtisadi tərəfdaşlığın potensialı tükənməkdən uzaqdır.
- Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının tam açıqlanması böyük əhəmiyyət kəsb edir.
- Orta dəhlizin inkişafına dair 2022-2027-ci illər üçün Yol Xəritəsinin səmərəli icrası da böyük əhəmiyyət kəsb edir. Biz razılaşdıq ki, bu marşruta artan maraqdan maksimum yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək vacibdir.
- Biz enerji sahəsində əməkdaşlığın qurulmasına xüsusi diqqət yetirmişik. Bu gün bizim prioritet vəzifəmiz dünya bazarlarına enerji təchizatını daha da şaxələndirməkdir.
- Müqavilələrimiz sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycan vasitəsilə göndərilib. Növbəti addım tədarüklərin həcmini artırmaq və onlara uzunmüddətli, stabil xarakter verməkdir.
- Kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensial mövcuddur. Ötən il kənd təsərrüfatı məhsullarının ikitərəfli ticarətinin həcmi 3 dəfə artaraq 146 milyon dollar təşkil edib. Beləliklə, kənd təsərrüfatı bu gün ümumi ticarət dövriyyəmizin üçdə birindən çoxunu təşkil edir.
- Hazırda Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsi istiqamətində fəal iş aparılır. Bu layihənin strateji əhəmiyyətini nəzərə alaraq, onun vaxtında istifadəyə verilməsini təmin etməyi tapşırmışıq.
- Azərbaycanlı tərəfdaşlar dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində birgə layihələrin həyata keçirilməsinə, o cümlədən İT startapları üçün Qazaxıstan platformalarından istifadə etməyə dəvət olunur. Maliyyə əməkdaşlığı sahəsində də böyük irəliləyiş var.
- Bu ilin əlamətdar hadisəsi Azərbaycanda Qazaxıstanın Mədəniyyət Günləri olacaq. Ölkəmizdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkili ilə bağlı saziş var.
- Bu il Qazaxıstanda Azərbaycanın ümummilli lideri və görkəmli dövlət xadimi Heydər Əliyeviç Əliyevin 100 illik yubileyinə bir sıra anım tədbirləri həsr olunacaq.
- Qazaxıstan ənənəvi olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin diplomatik yolla tənzimlənməsinin tərəfdarıdır, həmçinin sülh müqaviləsinin mümkün qədər tez bağlanması səylərini alqışlayır.
İlham Əliyev:
- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə hörmətə görə öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim.
- Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi artıq başlanıb.
- Bugünkü Bəyannamə əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir.
- Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Xüsusən ona görə ki, təəssüflər olsun, Xəzərin həm sizə, həm də bizə aid olan sahillərində dənizin sürətlə dayazlaşmasını müşahidə edirik.
- Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar.
- Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmləri, konkret qrafiki müzakirə etdik və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdik.
- Biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq, beləliklə, əmtəə dövriyyəsini artırmalıyıq. Bu gün bizim ortamüddətli perspektivli əmtəə dövriyyəsini milyard dollara çatdırmaq barədə rəqəmlər səsləndi. Mən hesab edirəm ki, xüsusən bizim əldə etdiyimiz razılaşmalar çərçivəsində, bu, tamamilə realdır.
- Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, bütün məsələlərə dair bir-birimizi həmişə dəstəkləyirik və dəstəkləyəcəyik. Biz həm də, xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik.
- Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edirəm. Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur.
- Hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək.
- Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir.