BLOQ

Problem çeynəyən İran dövləti və səbri qaynayan İran şairi

(Siyasət → İqtisadiyyat → Sosiologiya → Küçə Zəncirləri haqqında kiçik esse)

Problem çeynəyən İran dövləti və səbri qaynayan İran şairi
  • Oxuma müddəti:

    9 dəqiqə

  • Vilhelm Hegel və Karl Marks deyirdilər ki “tarix ilk dəfə faciə, növbəti dəfə isə fars kimi təkrarlanır”. Fars sözünün istifadəsi adı çəkilən cənabların uzaqgörməsi kimi də qələmə verilə bilər, amma yenə də mən bu misrada “təkrarlanır” sözünə daha çox diqqət yetirərək onu “tarix qafiyələnir” ifadəsi ilə əvəz edərdim. Niyə? Ona görə ki, dövrlər dəyişsə də, baş verən hadisələr bir-birindən fərqlənsə də, onların sonluğu eyni olur, yəni qafiyələnir. Xüsusilə də siyasətçilər xalqın səbrini iqtisadiyyat adlanan bir qaşıqla yavaş-yavaş qarışdırmağa başlayanda.

    İranın bu gününü yaşamağı yəqin ki, heç kim istəməz. Bunun üçün faciənin səbəblərini araşdırmaq lazımdır. Heç bir hadisə qəfildən baş vermir. Uşaq 9 aya həyata gəldiyi kimi, hadisələr də bir müddət şişir, şişir və sonda hər yan qana bulanır. Bu məqalədə mən ölkəni bü günə gətirən yolu göstərəcəyəm və kar hökumətin kortəbii hərəkətlərindən bəhs edəcəyəm ki, hörmətli izləyəcim hər şeyi aydın anlasın. Bu hekayə İran haqqındadır və şair Şəhriyarın tarixi qafiyələrindən:

    I ŞEİR


    Gedər bədbəxtliyin ardınca hər iranlı sərgərdan, 
    Bu bədbəxt millət istiqbal edər bədbəxtliyi hər an. 

    İqtisadçılar danışır, hökumət eşitmir. Bu ölkədə uzun illər ərzində qəribə bir ənənə formalaşdı: ağıllı adamlar danışırdı, səlahiyyətli adamların isə kabinetlərində qulaq asmağa bir mıx da yoxdur. Belə ki, iranlı iqtisadçı Səid Leylaz hələ 2018-ci ildən başlayaraq bir cümləni müxtəlif formalarda təkrarlayırdı: “Bu iqtisadi böhran deyil. Bu, struktur böhrandır.” O, açıq şəkildə yazır və deyirdi:
    • Orta sinif yox olur, yoxsulluq kütləviləşir;
    • İqtisadi artım elitaya xidmət edir;
    • Maaşlar qiymətlərə uduzur.
    Və ən təhlükəli cümləni də əlavə edirdi: “Orta sinfi olmayan ölkədə stabillik olmaz.” Və bu təhdid deyildi. Bu, "hava proqnozu" idi.

    II ŞEİR
    Yaxşılığı əlimizdən alıblar, 
    Yaxşı bizi yaman günə salıblar.

    Birinci səhv: Subsidiyaların səssiz dəfni. 
    Tarix təxminən 2010-cu ildən başlayır. Hökumət dedi: “Subsidiyalar iqtisadiyyatı pozur”. Və pozan şeyi birdəfəlik yox, mərhələli şəkildə insanların həyatından pozdular:
    • yanacaq subsidiyaları – ləğv olundu;
    • ailəyə dəstək - çörək və ərzaq subsidiyaları – ləğv olundu;
    • enerji daşıyıcılarına dəstək – ləğv olundu.

    Qərar rəsmi olaraq Dövlət Planlama və Büdcə Təşkilatı tərəfindən hazırlanmış, icrası isə müxtəlif hökumətlər dövründə davam etdirilmişdi. Problem subsidiyaların ləğvində deyildi. Problem onların əvəzinə dövlət tərəfindən heç bir addımın atılmaması idi. Maaş qalxmadı, amma qiymətlər qalxdı.

    İranın tanınmış siyasətçisi, 2000-ci illərdə Məclis sədri Mehdi Karrubi yazırdı: “Əgər subsidiya gedirsə, maaş gəlməlidir.” Hələ 2019-cu ildə cənab Karrubi dəfələrlə xəbərdarlıq etmişdi ki: “İqtisadi basqı + siyasi lal saxlanma = küçə.” Bu ifadə sonrakı hadisələrin demək olar ki, formulu oldu.

    III ŞEİR
    Mərkəzin zəhhakları zülmü səmayə qaldırır, 
    Ta ki, baş qaldıra bir gün millət gavəsi.

    İkinci səhv: Rialın uzun, yorucu ölümü.

    Valyuta adətən pulla ölçülür. Amma əslində inamla ölçülür. İranda rial:
    • illər boyu yavaş-yavaş ucuzlaşdı;
    • sonra sürətlə ucuzlaşdı;
    • sonda isə panikayla ucuzlaşdı.

    Rialın dəyərsizləşməsi İran iqtisadiyyatına nə kimi problemlər yaratdı:
    • idxalı bahalaşdı;
    • yerli istehsalı dözməyib aşdı;
    • xalqın gələcək planları qarışdı.

    Tanınmış sosioloq və jurnalist, keçmişdə İranın daxili işlər naziri olmuş Mustafa Taczade həbs olunmazdan əvvəl yazırdı: “İran cəmiyyəti artıq islahat istəmir, çıxış yolu axtarır". Öz növbəsində hökumət bu ifadəni etirazdan üsyana keçidin elmi izahı kimi qəbul etsə də, bu sağlam səsi zindana saldı. Amma bu dəfə kameranın barmaqlıqlarına baxaraq jurnalist Taczadə zindanda özünü deyil, hökuməti gördü. Belə ki, İran rialının sürətlə dəyərdən düşdüyünü görən cənab Taczadə dedi: “Valyuta çökəndə ilk ölən pul deyil — ümiddir”.

    IV ŞEİR
    Bizim ki, süfrəmizdə yavan çörək də yoxdur, 
    Toxa nə var, yoxsula isti xörək də yoxdur.

    Üçüncü səhv: Bazarın psixoloji partlayışı
    Qiymətlər qalxanda dövlət adətən deyir: “Bu bazarın işidir”. Amma bazar da cavab verir: “Biz hökumətin qoyduğu qanunlarla, vergilərlə işləyirik, odur ki, məsuliyyət dövlətdədir”. Belə ki, 2019–2023-cü illər arası:
    • ərzaq məhsulları sürətlə bahalaşdı;
    • kirayələr kəllə-çarxa qaxdı;
    • dərmanlar lüks seqmentə yanaşdı.

    Bu mərhələdə artıq etiraz iqtisadi yox, psixoloji olur. İnsan çörəyi bahalı alanda hirslənir. Amma uşağına ala bilməyəndə küçəyə çıxır.

    İranın Baş naziri işləmiş və əsasən müxalifətin "Yaşıl Hərəkət" adlı qanadına rəhbərlik edən, 2009-cu ildən ev dustağı olan Mir Hüseyn Musəvi son illərdə yayımlanan məktublarında birbaşa yazırdı: “İran cəmiyyəti partlayış nöqtəsinə yaxınlaşır. Dövlət xalqla müqaviləni pozub”. Onun mətnlərində əsas vurğu:
    • sosial ədalətsizlik;
    • korrupsiya və işsizlik;
    • yoxdur artıq təhlükəsizlik.

    V ŞEİR
    Qış günü pambıqdan ağ, üzüm kömürdən qara 
    Ocaqda yandırmağa quru təzək də yoxdu.

    Dördüncü səhv: Əhalinin güzaranını hesablamadan vergilər artır milləti müflisləşdir.
    Hökumət növbəti addımı atdı: “Vergilər artırılmalıdır”. Dedi və artırdı:
    • Dolayı vergilər artırıldı;
    • Rüsumlar artırıldı;
    • Kommunal ödənişlər artırıldı;
    • Cərimələr artırıldı.
    Bu və digər vergilər artırılmaqla yanaşı, vətəndaşların qazancı demək olar ki, artmadı:
    • maaş artımı olmadı;
    • sosial dəstək qalmadı.

    Həsən Ruhaninin prezidentliyi dövründə iqtisadiyyət üzrə müşaviri olan Məsud  Nili hökumətə yaxın çevrələrdə tanınsa da, 2024-cü ildə rəsmi hesabatlarda belə yazmışdı: “Vergi ədalət deyil, ədalətsiz yük olarsa, dövlətin legitimliyini yeyər”. Vergi artdı. Legitimlik tam olaraq yeyildi.

    VI ŞEİR 
    Baxın, fəqir bir rəmmal bir bədbəxtə açmış fal, 
    Dolub bədbəxt ilə bu ölkədə həm küçə, həm meydan.

    Səhnəyə sosiologiya çıxır. Tehran Universitetinin professoru, vaxtı ilə İranın xarici işlər naziri olmuş Məhəmməd Cavad Zərif bir neçə dəfə açıq və yarıaçıq formatda demişdi: “Əsas təhlükə xaricdən yox, daxildən gəlir”. Onun bu cümləsi İranda elita içində ən açıq etiraflardan biri sayılır. Bu mərhələdə artıq:
    • müəllim susmur;
    • fəhlə qorxmur;
    • gənclər gələcəyə planlar qurmur.

    Son damla: Düşmənlərlə mübarizə adı ilə silah istehsalına büdcə çoxaldı. Səhv qərar, böyük partlayış və nəhayət…
    • yanacaq qiyməti yenə qalxdı;
    • kommunal qiymətlər yenə qalxdı;
    • hökumətin “qiymət tənzimlənməsi” adı ılə yeni qərarlar çıxdı.

    Mənim şəxsi mülahizələrimə görə, tarixdə çox inqilab çörəklə yox, benzinlə başlayıb. Küçə dolur. Hökumət təəccüblənir. Mən bilirəm niyə hakimiyyət həmişə təəccüblənir. Çünki o, daha çox güzgüyə yox, pəncərəyə baxır.

    EPİLOQ
    Öz yurdunda sən nələr cəkdin, nələr, ey yetim! 
    Ayaqyalın, başaçıq, sən dərbədər, ey yetim!

    Bu hekayə niyə yazıldı? Bu yazı sadəcə olaraq İranda olan səhv struktur və millətə işləməyən mexanizm haqqındadır. Çünki:
    • subsidiya gedirsə;
    • maaş gəlmirsə;
    • qiymət qalxırsa;
    • vergi artırsa;
    • söz azadlığı azalırsa;
    onda nəticə dəyişmir. Sadəcə, tarix qafiyələnir, lap Şəhriyarın şeirlərindəki kimi.