Prokurorluq Kürdəmirdəki qətl barədə məlumat yaydı
Atakişili kəndi ərazisində 1977-ci il təvəllüdlü Müşfiq Məmmədov odlu silahdan açılan atəş nəticəsində ölüb
İyunun 10-u saat 23 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində 1977-ci il təvəllüdlü Müşfiq Məmmədovun odlu silahdan açılan atəş nəticəsində ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Kürdəmir rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırma zamanı 1968-ci il təvəllüdlü Cümşüd İslamovun aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi odlu silahdan atəş açmaqla Müşfiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cümşüd İslamov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, ibtidai istintaq davam etdirilir.