Putinin qızı Maria Vorontsova ilk dəfə müsahibə verdi VİDEO
Alman mediası şokdadır
Rusiya prezidenti Vladimir Putinin böyük qızı, 38 yaşlı Mariya Vorontsova elmi nəşrlərdən birinə verdiyi müsahibə ilə gündəmə gəlib.
Putinin böyük qızı müsahibəsində əsasən elm, tibb və genetik sahədə apardığı tədqiqatlardan, xüsusən də insan genomunun öyrənilməsindən danışıb.
“Rusiya cəmiyyəti bizim həyat prinsiplərimizlə, mədəniyyətimizlə, dinimizlə... hələ də o qədər də iqtisadi mərkəzli cəmiyyət deyil. Biz daha çox insan mərkəzli cəmiyyətik”,- o qeyd edib.
Vorontsova daha sonra vurğulayıb ki, Rusiya üçün ən yüksək dəyər hələ də insan həyatının dəyəridir. Lakin o, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə haqqında bir kəlmə də danışmayıb, atasının adını çəkməyib.
Mariya Vorontsova uşaqlıqdan həkim olmaq arzusunda olduğunu, lakin məktəbi bitirəndən sonra iqtisadçı ixtisasında oxumaq istədiyini bildirib. Yekunda isə yenə tibb sahəsinə üstünlük verib. O, ədəbiyyata olan maraqlarından da söz açıb, sevdiyi yazıçıların, o cümlədən Puşkin, Dostoyevski və Hakslinin adını çəkin, musiqi və idmanla maraqlandığını qeyd edib.
Mariya Vorontsova bir neçə il Almaniyada yaşayıb və təhsil alıb, sonra Rusiyada olub - 2006-2011-ci illərdə Moskva Dövlət Universitetində ali tibb təhsili alıb. Əri - holland iş adamı Yorrit Faassen ilə birlikdə - 2015-ci ilə qədər Hollandiyada qalıb. Ancaq sonra Moskvaya qayıdıb.
Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan sonra Putinin hər iki qızı - Mariya Vorontsova və Yekaterina Tixonova Avropa İttifaqının, Böyük Britaniya və ABŞ-ın sanksiyalarına məruz qalıblar: onların bank hesabları dondurulub və bu ölkələrin ərazisinə girişləri qadağan edilib.
Putinin böyük qızı ilə müsahibə alman mediasının qəzəbinə səbəb olub. Onun dedikləri qəribə, hədsiz və hətta şokedici kimi qiymətləndirilib.
Almaniyanın “Der Spiegel” nəşri yazını “Putinin qızı insan həyatının dəyəri haqqında qəribə müsahibə verib” başlığı ilə dərc edib.
Nəşr qeyd edib ki, Mariya Vorontsova müsahibəsində Rusiyanı insan mərkəzli dövlət adlandırır, lakin atasının Ukraynaya qarşı apardığı müharibənin xaricdə qəzəb doğurduğunu xatırlatmır.
Alman KİV-ləri cinayətlər və Rusiyanın Ukraynaya qarşı müharibəsinin qurbanlarının sayı fonunda Putinin qızı ilə müsahibəni şok adlandırıb. Alman jurnalistləri Vorontsovanın arzusu ilə bağlı dediklərinə diqqət yetirərək, müsahibədə müharibə mövzusunun qaldırılmamasını kinlilik hesab ediblər.
Müsahibə məşhur "Newsweek"də də yayımlanıb.