Heydər Əliyev və Türkiyə: Gizli siyasətin məxfi tərəfləri
Bəzi sirrlər var ki, onlara toxunanda keçmişin pərdəsi bir anlıq aralanır...
Bu gün Heydər Əliyevin doğum günüdür. 102 il əvvəl, 10 may 1923-cü ildə dünyaya göz açan Heydər Əliyev SSRİ və Müstəqil Azərbaycan dönəmlərində ölkənin yüksək vəzifələrində çalışaraq, Azərbaycanın taleyüklü anlarında vacib qərarları və siyasi-iradi çevikliyi ilə xalqını xilas etdi və inkişaf yoluna çıxartdı. Allah rəhmət eləsin!
Heydər Əliyevin tərəfdarları da, müxalifləri də onun böyüklüyünü heç zaman inkar etməyiblər. Müxalif düşüncələrə qarşı dözümlülüyü, demokratik mətbuatı dəstəkləməsi və daim gənclərə yol açması ilə yadda qalan Böyük Azərbaycanlı haqqında çox danışılıb, çox yazılıb. Əlbəttə, tənqidlər və ittihamlar da olub. Amma Aristotel demişkən: "Tənqiddən qaçmağın yalnız bir yolu var: heç nə etmə, heç nə demə və heç kim olma". Atam və əmilərimin Sovet dönəmində Heydər Əliyevlə sıx çalışmaları və şəxsən mənim onunla müstəqil Azərbaycan dövründə yaxın əməkdaşlığım mənə deməyə imkan verir ki o, Aristotelin sadaladığı bu üç amildən uzaq idi – o, həm etdi, həm dedi, həm də oldu!
İndi gəlin, açıq danışaq: SSRİ dövründə Türkiyə ilə münasibətlər, yumşaq desək, bir az da sirli və qəliz idi. Moskvanın divarları təkcə "qulaqlı" deyildi, həm də xatirələri yaxşı saxlayırdı. Pantürkizm ideyalarının səsləndiyi vaxtlar "KGB"nin bu mövzuya həssas yanaşması, Heydər Əliyevin 1-ci katib olduğu dövrlərdə qərb qonşumuzla olan əlaqələrin necə formalaşdığı sual doğururdu.
Bu sualların cavabını isə məndən yox, həmin dövrün canlı şahidindən - Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəldən aldım. Əziz dostum Süleyman bəy “Təmiz Söhbət” verilişində mənim hər sualıma – bəli, bəzən müsahibə qanunlarını pozan sərt suallarıma belə səmimi və açıq şəkildə cavab verdi. "KGB" sədri olduğu vaxtlardan tutmuş, Azərbaycan KP MK-nın 1-ci Katibi dövrünə, Əbülfəz Elçibəyin onu Bakıya dəvət etməsindən Türkiyə-Azərbaycan münasibətlərinə qədər hər detalı danışdı.
Onun bu açıqlamalarını eşidəndə bir daha başa düşdüm ki, tarixi hadisələr insan yaddaşında deyil, şəxsiyyətlərin qəlbində yaşayır. Bəzi sirrlər var ki, onlara toxunanda keçmişin pərdəsi bir anlıq aralanır və həqiqətlər gün işığına çıxır. Məncə, bu müsahibə də həmin pərdələrdən birini araladı.
Süleyman bəyin bu unudulmaz açıqlamalarını buradan izləyə bilərsiniz: Süleyman Dəmirəllə "Təmiz Söhbət"