XƏBƏRLƏR / Parlament

Qafarova və Matviyenko İstanbulda bir araya gəliblər

Milli Məclisin sədri Rusiya Federasiya Şurasının sədri ilə iki ölkə arasında əlaqələrinin gücləndirilməsini müzakirə edib

Qafarova və Matviyenko İstanbulda bir araya gəliblər
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Aprelin 16-da Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

    Milli Məclisin sədri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb, parlamentlərarası əlaqələrin rolundan danışıb. O bildirib ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub və parlamentarilərimiz həm ikitərəfli tədbirlərdə fəal iştirak edirlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində müsbət qarşılıqlı fəaliyyət göstərirlər. Eyni zamanda, MDB PA çərçivəsində fəaliyyət də mühüm istiqamətdir. Burada bir çox mühüm məsələlərlə bağlı birgə əməkdaşlıq həyata keçirilir. Azərbaycan Parlamentinin sədri diqqətə çatdırıb ki, Milli Məclisi ilə Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyası da parlamentlərarası əlaqələrimizdə mühüm rol oynayır.

    Dünən Rusiya və Azərbaycan xarici işlər nazirliklərinin Azərbaycan təyyarəsinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması barədə birgə bəyanatına toxunan Valentina Matviyenko baş vermiş bədbəxt hadisənin nəticələrinin tənzimlənməsinin əhəmiyyətini qeyd edib və bir daha başsağlığını çatdırıb. Federal Şuranın sədri İrandakı müharibə fonunda Rusiya vətəndaşlarının İrandan təhlükəsiz şəkildə çıxarılması üçün Azərbaycanın göstərdiyi yardıma görə təşəkkürünü bildirib.

    Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova iki ölkənin xarici işlər nazirliklərinin sonuncu bəyanatının əhəmiyyətini vurğulayıb.

    Görüşdə xalqlarımız arasında mədəni, humanitar əlaqələrə də toxunulub, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb.