Qagik Tsarukyanın kürəkəni həbs edilib
Arqam Abramyan sifarişli qətlə təhrikdə ittiham olunur
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları parlamentin keçmiş deputatı Arqam Abramyanı sifarişli qətlə təhrik etmək ittihamı ilə saxlayıblar.
VİDEO
Daha sonra məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Arqam Abramyan Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın oğlu, “Çiçəklənən Ermənistan” Partiyasının lideri, iş adamı Qagik Tsarukyanın isə kürəkənidir.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Abramyan barəsində Cinayət Məcəlləsinin sifarişli qətlin törədilməsinə təhrik etmə maddəsi ilə cinayət işi başlanıb.
İstintaqın versiyasına görə, Abramyan həyat yoldaşının S.V. adlı şəxslə əlaqədə olmasından və ona böyük məbləğdə pul verməsindən şübhələnib. Bundan sonra o, qisas almaq məqsədilə həmin şəxsin öldürülməsini planlaşdırıb.
İstintaq Komitəsi iddia edir ki, Abramyan qətli şəxsən törətmək əvəzinə, maddi və şəxsi baxımdan ondan asılı olan təhlükəsizlik xidmətinin əməkdaşı G.X.-yə tapşırıb.
İstintaqın məlumatına əsasən, G.X. bu tapşırığı sifariş kimi qəbul edib və 30 aprel 2023-cü ildə İrəvanın Myasnikyan prospektində S.V.-ni odlu silahla qətlə yetirib.
Faktla bağlı istintaq davam etdirilir.
1 dəqiqə