Qanlı yanvarı xatırlayarkən...
Üstündən 34 il keçsə də, Qanlı Yanvarı birlikdə yaşadığım dostlarla indi də görüşəndə o epizodları xatırlayırıq
19 yanvar 1990. Şəhər qaynayırdı. Müxtəlif şayiələr gəzirdi: “filankəsi vurdular”, “filankəsi tutdular”, “KQB filan yeri partlatdı”, “filankəslər Moskvaya qaçıblar”, “sovet-rus ordusu qırğın törətməyə hazırlaşır”, “Səttarxan zavodunda silah paylanılır”... Sinif yoldaşım və elə o vaxtlardan dostum Pərvizlə (riyaziyyat üzrə fəlsəfə doktoru Pərviz İsmayıl 1993-cü ildən bu günə kimi NEP Mühəndislik şirkətinin sahibi və rəhbəridir) qərara gəldik ki, bunların yalan ya gerçək olmasını öyrənmək üçün, sonra isə ssenari müəllifi və aparıcısı olduğum və Pərvizin də iştirak etdiyi “Çərşənbə axşamı” (Azərbaycan Televiziyası, AZTV) verilişində həqiqətləri xalqa göstərmək üçün plandankənar çəkilişlər edək. Hələ gündüz saatlarından Pərvizin boz QAZ-24-ündə düşdük şəhərin küçələrinə...
Axşam vəziyyət lap gərginləşdi. Artıq sovet-rus qoşunları müxtəlif istiqamətlərdə Bakıya daxil olmuşdu. Havadan qan qoxusu gəlirdi. Şəhərdə çəkiliş apardığımızı görənlər bizi istiqamətləndirirdilər. Kimsə dedi ki, "Olimp" mağazasının qabağında dayanan 2 dinc sakinimizi güllələyiblər. Biz ora gələndə hələ saat 12 olmamışdı. Yerdəki qan izlərini, mağazanın vitrin şüşəsində güllə izlərini və dükanın içindəki elektron saatı çəkdik. Saat 23:45 göstərirdi. Halbuki komendant saatı (küçəyə çıxmaq qadağası) gecə saat 12-dən etibarən elan olunmuşdu, Gorbaşov və onun əlaltıları gecə saat 12-yə qədər guya atəş açılmadığını deyirdilər.
Sonra Pərvizlə yaxındakı Xəzər gəmiçiliyi (“Kaspar”) xəstəxanasına gəldik, ilk şəhidləri orda gördük... və çəkdik. Şəhidlər arasında sinəsindən güllələnmiş yeniyetmə qız da vardı. Qızcığazın şokda olan anası xəstəxananın dəhlizində heç kəsi özünə yaxın buraxmayaraq əsəbi halda öz-özünə danışırdı: “Я завтра позвоню, я завтра позвоню Наджафу Наджафову (o vaxtlar çox populyar olan “Молодежь Азербайджана” qəzetinin baş redaktoru idi, Allah rəhmət eləsin), я всё, всё-всё ему скажу, пусть напишет…” Videokameranı kənara qoyub onu qucaqlayıb ağlatdıq. Özümüz isə hisslərimizi tam səfərbər etmişdik, bizə ağlamaq olmazdı, biz işləməli idik. Yanvarın 20-si başlamışdı.
Hər 2-3 saatdan bir videokameranın batareyasını dəyişmək üçün (o vaxtın batareyaları tez boşalırdı) və yeni videokassetlər götürmək üçün (videokassetləri tez-tez dəyişirdik ki, əgər bizi vursalar ya tutsalar, çəkdiklərimiz ələ keçməsin) qısaca “ştab” adlandırdığımız qərargahımıza gəlirdik. Ştab – komsomolun Mərkəzi Komitəsinin bir şöbəsi, Tələbə və gənclərin əmək birliklərinin Respublika Qərargahının (TGƏB RQ) binasında idi. Rəhbəri olduğum və əsasən CƏNGİ Birliyinin üzvlərindən ibarət olan Respublika Gənclik Mərkəzi də o binada yerləşirdi.
Komsomolun Mərkəzi Komitəsinin (MK) digər şöbələrinin də işçiləri ştaba toplaşırdılar, hərə bir iş görürdü, hamı bizə kömək edirdi. Kimsə batareyaların dolmasını nəzarətdə saxlayırdı, kimsə yeni videokasset tapıb gətirirdi, kimsə çəkdiklərimizin surətini çıxartmağı təşkil edirdi, kimsə öz maşınından benzin çəkib boz QAZ-24-ə tökürdü, kimsə aclığımızı ayaqüstü “öldürmək” üçün kolbasa-çörək düzəldirdi... 20 yanvar səhər saat 7-də MK-nın İdeoloji şöbəsinin müdir müavini Sadıx Nəbiyevlə (hazırda AMEA-da işləyir) hazırladığımız məşhur müraciəti, baş verənlər haqda bəyanatları və qısa xəbərləri Qafqaz komsomol məktəbinin rektoru Huseyn Baghirov (sabiq Ekologiya və Təbii Sərvətlər naziri) redaktə edirdi, Gənclər təşkilatları komitəsinin (KMO) rəhbəri Fəxrəddin Qurbanov (müstəqillik illərində tanınmış diplomat idi, keçən il dünyasını dəyişdi, Allah rəhmət eləsin) ingilis dilinə tərcümə edirdi, TGƏB RQ-nin rəhbərləri Yusif Ayyubov (hazırda xaricdə yaşayır, iş adamıdır) və İlqar Abbasov (hazırda Şirvan şəhərinin icra başçısıdır) beynəlxalq telefon xətti və teleks vasitəsilə bu məlumatların dünyaya, xarici ölkələrdəki gənclər təşkilatlarına, xarici radiolara və tapa bildiyimiz digər xarici ünvanlara yayılmasını təşkil edirdilər.
Müraciəti yaydığımız ünvanlardan biri də "AzadliqRadiosu"nun Azərbaycanca yayımının redaktoru və aparıcısı rəhmətlik Mirzə Xəzər idi. Onunla əlaqə yaratmağı İlqar Abbasov və Sadıx Nəbiyev təşkil etmişdilər. Mirzə Xəzərlə bir neçə dəfə telefon danışığımız olmuşdu. Müraciətimizin mətnini ona necə həyəcanla oxumağımı yaxşı xatırlayıram. <<Gənc həmvətənlilər! Azərbaycan xalqının bu gərgin, faciəli günlərində sizə müraciət etməyi özümüzə borc bilirik. Xalqımızın iradəsinə qarşı onun ərazisində fövqəladə vəziyyət elan edilməsi, dinc əhaliyə atəş açılması və yüzlərlə günahsızın həlak olması bizə qarşı Moskva və onun əlaltıları tərəfindən açıq təcavüzdür... Müraciətin tam mətni ilə və onu imzalayanlar barədə məlumat burada.
Bizi xariclə calaşdıran telefonçu qızların ağlaya-ağlaya bizə xidmət göstərməkləri yadıma düşdükcə, üstündən 34 il keçsə də, yenə kövrəlirəm...
O gecə Pərvizlə çox gərgin şəraitdə çəkilişlər etdik. Səhərə yaxın ştaba qayıdanda artıq orada xeyli adam vardı. Hamı çox nigaran idi, bizdən xəbər gözləyirdilər. Qısaca "bizi qırırlar" dedim və ağlamaq məni tutdu... İlqar bizi öz otağına apardı, çay-su içib biraz özümüzə gəldik. Sonra İlqar: “Sən burda qal, müraciətlə, xaric üçün materiallarla məşğul ol, mən Pərvizlə çəkilişə gedərəm” – dedi. Elə də oldu.
İlqar Abbasov boz QAZ-24-ün sükanı arxasına keçdi. Pərviz İsmayıl videokamera ilə onun yanında oturmuşdu və çəkiliş edirdi. Gənclik Mərkəzində bizim baş mühasibimiz olan Nazim Piriyev də onlara qoşuldu, arxa oturacaqda əyləşmişdi, əsas işi ətrafı diqqətlə izləyib, təhlükə yaranarsa, onları xəbərdar etmək və avadanlıqdan istifadədə (o vaxt videokasset kameranın içində olmurdu, kamera ayrıca bir videomaqnitofona qoşulurdu) Pərvizə kömək etmək idi.
Salyan kazarmasının aşağı girişi tərəfdə çəkiliş edərkən, Nazim görür ki, yaxındakı binanın damında yerləşmiş atıcılardan biri Pərvizi nişan alıb. Bunu Pərvizə deyəndə, əksinə, Pərviz kameranı dama tərəf yönəldib o atıcını çəkmək istəyir və bu vaxt atəş açılır. Tez özlərini boz maşına atırlar, amma atəş davam edir və atılan güllələrdən biri maşının damını deşib sükan arxasında əyləşmiş İlqarı sağ böyründən yaralayır. Buna baxmayaraq, İlqar çəkiliş qrupunu tez oradan uzaqlaşdırır.
"Ştab"a gələn kimi İlqar tez paltosunu çıxartdı və gördük ki, xoşbəxtlikdən yara dərin deyil. Güllə boz QAZ-24-ün qalın dəmir damından keçərkən, zərbə gücü zəifləmişdi.
İlqar Abbasov yaralanandan sonra boz QAZ-24-lə çəkilişə getmək artıq çox təhlükəli idi, çünki boz QAZ-24 artıq sovet-rus hərbçiləri tərəfindən nəzarətə götürülmüşdü, hara gedirdiksə, hərbçilər bizi nişan alırdılar. Vəziyyəti belə görən “Kaspar” xəstəxanasının rəhbərliyi bizə təcili yardım maşını ayırdı və tibb işçilərinin geyimlərini verdi. Həm yaralıları daşıyırdıq, həm də çəkiliş edirdik. Amma tezliklə hərbçilər duyuq düşdülər və təcili yardım maşınını da atəşə tutdular. Deşik-deşik olmuş o maşın yaxın illərə qədər xəstəxananın həyətində o günlərin yadigarı kimi saxlanılırdı. Görəsən, yenə oradadırmı, bilmirəm...
Bakıda ağalıq edən sovet-rus hərbi komendaturası yanvarın 20-də günortadan sonra bütün ölkə üzrə telefonların beynəlxalq xəttə çıxışını ləğv etdi. Mərkəzi Poçt da zəbt olunmuşdu. Axşama yaxın isə hərbçilər duyuq düşüb "ştab"dakı teleksi də bağladılar. Dilxor olmuşduq. Sovet hakimiyyətinin və ordusunun törətdikləri cinayətlər barədə xarici ölkələrə necə məlumat verəcəyimizi bilmirdik...
"Ştab"a gəlib-gedənlər arasında "Sputnik" gənclik turizm agentliyinin rəhbərləri Füzuli Ələkbərov (sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) və Matvey Elizarov da (hazırda tanınmış iş adamı və Dağ yəhudilərinin Ümumdünya konqresinin vitse-prezidentidir) var idilər. İlqar Abbasov "Sputnik" agentliyinə (o vaxt Səməd Vurğun bağının yanında yerləşirdi) adam göndərdi və oradan xəbər gəldi ki, bəs "Sputnik"in teleksi çalışır. Komsomol təşkilatının nəzdində fəaliyyət göstərən "Sputnik" birbaşa Moskvaya tabe olduğuna görə onun teleksini bağlamamışdılar.
Yenidən hadisələrin gedişatı haqda məlumatları yaymağa başladıq və teleks göndərdiyimiz əsas adamlardan biri yenə Mirzə Xəzər idi. "Sputnik"dəki teleksdə avtomatik imza var idi: "Ələkbərov". Hər dəfə Mirzə Xəzər "Azadlıq" radiosunda bizim məlumatları səsləndirəndə deyirdi: "Diqqət! Diqqət! Bakıdan Ələkbərov xəbər verir..." Cəmi iki-üç gün belə çalışa bildik. Sonra "Srutnik"in də teleksini bağladılar... Qanlı Yanvardan bir neçə il keçəndən sonra rəhmətlik Mirzə Xəzər Bakıda olanda, imkan tapıb onunla görüşdüm. Bu, ilk və son görüşümüz oldu. Özümü Mirzə müəllimə təqdim etdim, Ələkbərovun kim olduğunu da ona dedim. O günləri xatırladıq və xatırladıqca kövrəldik...
Ümumiyyətlə, üstündən 34 il keçsə də, Qanlı Yanvarı birlikdə yaşadığım dostlarla indi də görüşəndə elə görüş olmur ki, o günlərin azı hansısa bir epizodunu xatırlamayaq. Necə ki bu yaxınlarda İlqar Abbasovla bunu etdik. Şirvan şəhərində yeni salınmış Zəfər parkını gəzəndə biz çox qürurlu idik. Çünki bizim bu Zəfərimiz təkcə Qarabağ şəhidlərimizin deyil, həm də 20 Yanvar şəhidlərimizin qanının yerdə qalmamağının müjdəsidir.
Yaşa, müstəqil, əyilməz, müzəffər Azərbaycan!