Qarabağ separatçılarının məhkəməsi davam edir YENİLƏNİB
Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı

14:18
İyulun 11-də Bakı Məhkəmə Kompleksində keçirilən məhkəmə prosesi Azərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib.
Zərərçəkmiş şəxs Mehriban Bəkirova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, Xankəndiyə aparılaraq orada 10 gün girov saxlanıldığını bildirib. Həmin vaxt onun 4 azyaşlı övladı, o cümlədən bir neçə günlük körpəsi olub. Yaşyarımlıq oğlu başından qəlpə xəsarəti alıb. Girovluqda işgəncələrə məruz qalıb, ondan Xocalı aeroportunda polis qismində çalışan həyat yoldaşı Abdulla Həmzəyev barədə məlumatlar tələb edilib.
O, prokurorun sualına cavabında soyqırımından əvvəl də Xocalının mütəmadi olaraq atəşə tutulduğunu, buna görə də zirzəmiyə sığındıqlarını, körpəsini fevralın 23-də zirzəmidə dünyaya gətirdiyini söyləyib.
Zərərçəkmiş Əvəz Abbasov Kərkicahan sakini olduğunu, 1989-cu ildə ermənilərin onun və qardaşının üzərinə qumbara atdığını deyib: “Mən üçüncü sinif şagirdi idim, qardaşım Eyvaz birinci sinifdə oxuyurdu. Bizə bir qrup şəxs yaxınlaşıb dedi ki, biz azərbaycanlılardan qisas alacağıq. Mən kömək üçün adam çağırmaq istəyəndə üstümüzə qumbara atdılar. Qardaşım həlak oldu, mən isə ağır yaralandım. Şuşa, Ağdam və Bakı xəstəxanalarında müalicə olundum”.
Digər qardaşının da ermənilər tərəfindən güllələndiyini deyən Ə.Abbasov onun sonradan Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olduğunu söyləyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
***
12:14
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.
Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.
Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.
Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Saaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.