Qarabağ Universiteti beynəlxalq əlaqələrini genişləndirir
Əl-Farabi adına Qazax Milli Universiteti ilə memorandum imzalanıb
Qarabağ Universiteti ilə Əl-Farabi adına Qazax Milli Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Qarabağ Universitetindən bildirilib ki, sənəd aprelin 6-da Qazaxıstanın Almatı şəhərində keçirilən Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində rəsmiləşdirilib. Forum iki ölkə arasında ali təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma rolunu oynayıb.
İmzalanmış memorandum Qarabağ Universiteti ilə Əl-Farabi adına Qazax Milli Universiteti arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını nəzərdə tutur.

Əməkdaşlıq müasir təhsil yanaşmalarının tətbiqi, innovativ layihələrin hazırlanması və beynəlxalq akademik şəbəkələrdə birgə iştirak imkanlarının artırılmasına xidmət edəcək. Bu tərəfdaşlıq Qarabağ Universitetinin beynəlxalqlaşma strategiyasına uyğun olaraq, onun qlobal akademik məkanda mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, Əl-Farabi adına Qazax Milli Universiteti regionun aparıcı ali təhsil müəssisələrindən biri hesab olunur. Universitet 2026-cı il üzrə QS Dünya Universitetlər Reytinqində Qazaxıstanda 1-ci, dünya üzrə isə 166-cı yerdə qərarlaşıb.
Qarabağ Universiteti bundan sonra da beynəlxalq əməkdaşlıqlarını genişləndirərək, keyfiyyətli təhsil və elmi fəaliyyət istiqamətində qlobal tərəfdaşlıqların inkişafını davam etdirəcək.
1 dəqiqə