Növbəti köç karvanı Qarabağa çatıb YENİLƏNİB
Ağdam rayonunun Sarıcalı və Xocalının Ballıca kəndlərinə 224 nəfər qayıdır

13:48
Sarıcalı və Ballıca kəndlərinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.
Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
***
Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə və Xocalı rayonunun Ballıca kəndinə yola salınan növbəti köç karvanı çatıb.
Bu mərhələdə Sarıcalıya 34 ailə - 141 nəfər, Ballıcaya isə 21 ailə - 83 nəfər köçürülüb.
***
07:50
Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.
Bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Xocalının Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb.
Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 34 ailə – 141 nəfər, Ballıca kəndinə isə 21 ailə – 83 nəfər köçürülüb. Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Doğma yurda qayıdan sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkürlərini ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Laçın - 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
Füzuli - 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) - 238 nəfər (70 ailə)
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 204 nəfər (52 ailə)
Ballıca (Xocalı rayonu) - 733 nəfər (155 ailə)
Cəbrayıl — 2303 nəfər (512 ailə)
Sarıcalı (Ağdam rayonu) - 440 nəfər (110 ailə)
Cəmi: 13 130 nəfər
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.