Qarabağda silahı yerə qoyan ermənilər üçün amnistiya
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə müsahibəsində bildirib
Azərbaycan Qarabağda silahı yerə qoyan ermənilər üçün amnistiya elan edə bilər.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters"ə müsahibəsində bildirib.
Hikmət Hacıyev qeyd edib ki, rəsmi Bakı Qarabağda silahını yerə qoyan ermənilər üçün amnistiya nəzərdə tutur.
“Keçmiş hərbçilərə və döyüşçülərə gəldikdə isə, əgər onlar bu cür təsnif edilə bilərsə, hətta onlar üçün belə amnistiya nəzərdə tutulur. Hazırda biz bəzi fərdi silahlı qrupların və zabitlərin bizim şərtlərimizlə razılaşmayacaqları və müqavimətə davam edəcəklərinə dair ictimai bəyanatlarını görürük. Biz həmçinin bəzi kiçik qrupların meşələrə getdiklərini görürük. Lakin biz bunun ən böyük problem və ya təhlükəsizlik problemi olacağını düşünmürük. Əlbəttə, bu müəyyən problemlərə və çətinliklərə səbəb olacaq, lakin o qədər də geniş miqyasda yox”, - Hikmət Hacıyev əlavə edib.
"Çətinliklər olacaq, müəyyən çağırışlar da ola bilər, bunu heç kim inkar etmir. Mühüm olan odur ki, bizim reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var. Biz reinteqrasiya haqqında danışanda Qarabağdakı ermənilərin Azərbaycanın iqtisadi, siyasi və sosial həyatına sülhməramlı reinteqrasiya modelini nəzərdə tuturuq. Eyni zamanda, biz realist olmalıyıq ki, bunu bəyənməyənlər və qəbul etməyənlər də olacaq".
H.Hacıyevin sözlərinə görə, ermənilər Qarabağda qalmamağı qərara ala bilərlər. Belə olan halda, Azərbaycan məsuliyyət daşımamalıdır. Hər bir ölkədə milli azlıqlar var, qanun-qayda və sistem mövcuddur. İnsanlar da bunu qəbul etməli və hörmətlə yanaşmalıdırlar. “Hüquqlar təmin olunarkən müəyyən öhdəliklər və məsuliyyətlər də nəzərə alınmalıdır. Bunu qəbul etməyən, başqa ölkədə yaşamağı seçən bəzi şəxslər ola bilər. Bu, onların qərarlarıdır. Biz onların qərarlarına hörmətlə yanaşırıq”, - deyə o vurğulayıb.