Qarabağdan qaçan separatçılar arasında güclənən qarşıdurma
Ermənilərin "Hraparak"nəşrinin məqaləsi
Qarabağdan qovulmuş separatçıların “keçmiş müdafiə naziri” Samvel Babayan dünən Ermənistan parlamentinin 44 günlük müharibə şəraitini araşdıran İstintaq Komissiyasında ifadə verib.
“Hraparak” yazır ki, Samvel Babayan 3 saata yaxın davam edən dindirmə zamanı Qarabağdan qovulmuş separatçıların rəhbərləri əleyhinə danışıb.
Belə ki, o, komissiya üzvlərini inandırmağa çalışıb ki, qondarma "Artsax"ın sonuncu başçısı Samvel Şahramanyan separatçıların keçmiş rəhbərləri vasitəsilə Ermənistanda planlaşdırılmış “hakimiyyət dəyişikliyi”nin həyata keçirilməsinə razılaşıb.
Samvel Babayan qondarma “Artsaxın keçmiş prokuroru və dövlət naziri” Qurgen Nersisyanı “yalançı”, “fırıldaqçı” və “axmaq” adlandırıb. O, “Artsax prokurorluğu”nda dindirildiyi barədə Nersisyanın iddialarını rədd edib.
Nersisyan isə Samvel Babayanın ittihamlarını eşidəndən sonra onu “yalançı” adlandırıb.
Qurgen Nersisyan deyib ki, Babayan dindirilib və buna dair faktlar var: “Babayan ümid edir ki, biz həmin cinayət işinin materiallarını tamamilə yandırmışıq. Amma yanılır, həmin materialların elektron, rəqəmsal variantları da mövcuddur. Mən onları rəqəmsallaşdırmışam. Əminliklə deyirəm ki, Babayan dindirilib”.Nersisyanın sözlərinə görə, S. Babayan 44 günlük müharibə və 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyannamə ilə bağlı başlanmış cinayət işi çərçivəsində qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi” kimi dindirilib. Nersisyan Babayanın ifadəsindən diqqət çəkən epizodu danışıb.
“44 günlük müharibə zamanı o, “təhlükəsizlik şurasının katibi” olub, Babayanı dindirməyə çağırmışdıq. Müharibə bitəndən sonra ağlına nə gəldi danışırdı. O, hər şeyə görə günahı başqalarının üzərinə atıb”.
Nersisyanın sözlərinə görə, separatçıların ordusunun cənub qanadı keçirilən əməliyyatlarda uğursuqıluğa düçar olubsa, burada Samvel Babayanın da böyük məsuliyyəti var. O, Babayanı Hadrut və Şuşanın itirilməsinə görə də günahlandırıb.
C. Nersisyanın fikrincə, S.Babayan “təhlükəsizlik şurasının katibi” kimi Paşinyana və Arayik Arutyunyana deyə bilərdi ki, cənub istiqamətində aparılan əməliyyat fəlakətlə nəticələnə bilər, səhvdir, bunu etməyin.
"Dindirilmə zamanı Babayandan soruşduq: “Siz o əməliyyatın qarşısını almaq üçün nə etmisiniz? Deməyə səlahiyyətiniz var idimi ki, dostlar, səhv edirsiniz?". "Təhlükəsizlik şurası"nda çox məsələlər müzakirə olunur, o, fikrini müharibədən sonra, hər şey əldən gedəndə deyil, elə o vaxt deməli idi. Cənub cinahının müdafiəsi və əks-hücum üçün hazırlanmış əməliyyat nəticəsində biz “Artsax”ın bütün cənub qanadını itirdik, azərbaycanlılar Hadrut ərazisinə daxil oldu, irəlilədi. Sonra Şuşa şəhərini tutdu. Bu günə qədər o uğursuz əməliyyata görə heç kim məsuliyyətə cəlb edilməyib”.