XƏBƏRLƏR / İdman

“Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi

Ağdamlılar “Linkoln”la sabah qarşılaşmaq üçün Cəbəllütariqə yollanıb

“Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərindəki tədbirdə komandamızın mümkün rəqibləri də bəlli olub.

    “Qarabağ”ın “Linkoln”la II təsnifat mərhələsindəki cütünün qalibi növbəti raundda "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) matçlarının güclüsü ilə qarşılaşacaq. Komandamız tur adlasa, növbəti raundun ilk görüşünü evdə keçirəcək.

    UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq komandamız Cəbəllütariqə bu gün yollanıb. “Qarabağ” səfərə çarter reysi ilə yola düşəcək.

    Komandamız “Elliott Hotel”də məskunlaşacaq. “Qarabağ” yerli vaxtla 19:30-da oyunöncəsi son məşqinə çıxacaq.

    Üç futbolçumuz qarşılaşmada iştirak etməyəcək. Amin Ramazanov və Musa Qurbanlı zədə, Elvin Cəfərquliyev cəza üzündən görüşü buraxacaq. Avstriya toplanışı zamanı “Slaven”ə qarşı yoxlama oyununda sonra meniskində ağrılar hiss edən Musa komandamız Vətənə döndükdən sonra müayinə olunub. Əməliyyat zərurəti yaranan hücumçumuz 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.

    Qeyd edək ki, iyulun 23-də keçiriləcək “Linkoln” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandamız görüşdən sonra Vətənə qayıdacaq.

    Qeyd edək ki, III təsnifat mərhələsinin matçları avqustun 6-7-də və 13-də keçiriləcək.